Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının Milli Qurtuluş Günü münasibətilə təbriki

Əziz həmvətənlər!

Sizi Azərbaycan xalqının taleyində müstəsna yer tutan, müasir dövlətçilik tariximizin ən şərəfli və əlamətdar səhifələrindən biri olan 15 İyun – Milli Qurtuluş Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti, firavan həyat və yeni-yeni uğurlar arzulayırıq!

Milli Qurtuluş Günü xalqımızın müstəqilliyinin xilası, dövlətçiliyimizin qorunması və Azərbaycanın gələcək inkişaf yolunun müəyyənləşdirilməsi ilə bağlı böyük tarixi və siyasi əhəmiyyətə malik bir gündür. Bu əlamətdar gün Azərbaycan xalqının öz xilaskarına – Ümummilli Lider Heydər Əliyevə sonsuz etimad və inamının təntənəsi, milli iradənin və dövlətçilik düşüncəsinin qələbəsi kimi tarixə həkk olunmuşdur.

1993-cü ilin iyununda ölkəmizin üzləşdiyi ağır siyasi böhran, vətəndaş qarşıdurması, xaos və parçalanma təhlükəsi Azərbaycanı müstəqilliyini itirmək həddinə gətirib çıxarmışdı. Belə bir mürəkkəb və taleyüklü dövrdə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev öz misilsiz dövlətçilik təcrübəsi, qətiyyəti, uzaqgörənliyi və xalqına sonsuz sədaqəti sayəsində Azərbaycanı bu fəlakətdən xilas etdi. Məhz onun müdrik rəhbərliyi nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərqərar olundu, dövlət təsisatları möhkəmləndirildi, milli həmrəylik təmin edildi və Azərbaycanın davamlı inkişaf strategiyasının möhkəm təməli qoyuldu.

Bu gün qürur hissi ilə vurğulayırıq ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs onun ən layiqli siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilir. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə Azərbaycan son illər ərzində misilsiz inkişaf yolu keçmiş, iqtisadi, siyasi, hərbi və diplomatik sahələrdə mühüm nailiyyətlər əldə etmiş, beynəlxalq aləmdə nüfuzlu və qüdrətli dövlət kimi mövqeyini daha da möhkəmləndirmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, dövlət başçısı cənab İlham Əliyevin müdrik rəhbərliyi və Müzəffər Ali Baş Komandan kimi qətiyyətli iradəsi nəticəsində Azərbaycan xalqı özünün ən böyük tarixi arzusuna qovuşmuşdur. Şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə, eləcə də sonrakı dövrdə ölkəmizin suverenliyinin tam bərpa olunması dövlətçilik tariximizin ən parlaq Zəfər salnaməsinə çevrilmişdir. Bu gün azad Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, ölkəmizin hərtərəfli inkişafı və beynəlxalq nüfuzunun daha da artması Milli Qurtuluşun yaratdığı möhkəm təməlin, Heydər Əliyev ideyalarının və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu siyasətinin parlaq nəticəsidir. Bu möhtəşəm nailiyyətlər bir daha sübut edir ki, Ulu Öndərin ideyaları uğurla həyata keçirilir və Azərbaycan öz qüdrətinin ən yüksələn dövrünü yaşayır.

Bu uğurların əldə edilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da xidmətləri xüsusi olaraq qeyd edilməlidir. Onun yüksək humanizmə, milli-mənəvi dəyərlərə və vətəndaş rifahına söykənən çoxşaxəli fəaliyyəti, ölkəmizin beynəlxalq humanitar əlaqələrinin inkişafına, mədəni irsimizin dünyada təbliğinə, sosial layihələrin həyata keçirilməsinə verdiyi mühüm töhfələr xalqımız tərəfindən böyük rəğbət və minnətdarlıqla qarşılanır.

Hörmətli həmvətənlər!

Milli Qurtuluş Günü hər bir azərbaycanlı üçün birlik, həmrəylik, dövlətə sədaqət və Vətən sevgisinin rəmzidir. Bu əlamətdar gündə hər birimiz müstəqil Azərbaycanımızın keçdiyi şərəfli yolu böyük qürur hissi ilə xatırlayır, onun daha da güclənməsi naminə səylərimizi birləşdirməyin vacibliyini bir daha dərk edirik. Əminik ki, xalqımız Ulu Öndər Heydər Əliyevin ideallarına sadiq qalaraq, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında yeni-yeni uğurlara imza atacaq, Azərbaycanın qüdrəti və nüfuzu daha da artacaq, dövlət müstəqilliyimiz əbədi və dönməz olacaqdır.

Bir daha bütün Azərbaycan xalqını 15 İyun – Milli Qurtuluş Günü münasibətilə ürəkdən təbrik edir, doğma Vətənimizə əmin-amanlıq, tərəqqi və firavanlıq, xalqımıza isə xoşbəxtlik, birlik və daim yüksələn uğurlar arzulayırıq!

 

Hörmətlə,

Azərbaycan Ağsaqqallar Şurasının

İdarə Heyətinin üzvləri adından

Şuranın sədri, millət vəkili, professor Eldar Quliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.