Xəbərlər

Pirallahı rayonunda ağsaqqallar diqqət və qayğı ilə əhatə olunublar

Pirallahı rayonunda əhalinin bütün təbəqələrinə, o cümlədən ağsaqqallara, ahıl və yaşlı vətəndaşlara xüsusi həssaslıq və davamlı diqqət göstərilir. Rayon ərazisində yaşlı nəslin nümayəndələrinin sosial rifahının yüksəldilməsi, onların ictimai həyatda fəal iştirakının təmin olunması, eləcə də mütəmadi olaraq ziyarət edilmələri və qayğı ilə əhatə olunmaları istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Bu çərçivədə cari həftə ərzində rayonun hörmətli ağsaqqallarından olan Əməkdar rabitəçi, 88 yaşlı Musayev Aydın İsa oğlunun və Pirallahı Rayon Ağsaqqallar Şurasının üzvü, 100 yaşlı Mustafayev Məsməli Əhməd oğlunun doğum günləri münasibətilə onların yaşadıqları ünvanlarda ziyarətlər təşkil olunub.

Tədbirlərdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov, RİH başçısının müavini Zülfiyyə Məmmədhüseynova, eləcə də Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak ediblər.

Səmimi görüşlər zamanı ağsaqqalların doğum günləri qeyd edilib, onlara möhkəm cansağlığı, uzun ömür və ailə səadəti arzulanıb. Görüşlərdə ağsaqqalların cəmiyyətimizin mənəvi dayağı olduğu xüsusi vurğulanaraq, onların zəngin həyat təcrübəsinin gənc nəslin formalaşmasında mühüm rol oynadığı qeyd edilib.

Sonda yubilyarlara hədiyyələr təqdim olunub, onların sosial rifahına göstərilən diqqətin bundan sonra da davam etdiriləcəyi bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.