Daşkəsən Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvlərinin rayon ictimaiyyətinin nümayəndələri ilə növbəti görüşü keçirilib. Görüşdə ağsaqqallar, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri – şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və gənclər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları tərəfindən Ulu Öndər Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi və Şəhidlər xiyabanı ziyarət edilib.
Yığıncağı giriş nitqi ilə açan Daşkəsən Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayev iştirakçıları salamlayaraq tədbirin Daşkəsən rayonunun inzibati ərazi vahidi kimi yaradılmasının 96-cı ildönümü ərəfəsində keçirildiyini qeyd edib. O, rayonun yeni inkişaf mərhələsinə daxil olduğunu diqqətə çatdırıb. Rayon sakinlərinin təklif və fikirlərinin öyrənilməsi baxımından bu cür görüşlərin keçirilməsinin vacibliyindən danışan Cavanşir Qocayev son illər Daşkəsəndə həyata keçirilən genişmiqyaslı təmir-tikinti və bərpa işlərinin, eləcə də yeni layihələrin icrasının önəmini xüsusi qeyd edib. Ağsaqqalların da bu inkişaf prosesində yaxından iştirakını vurğulayıb.
Daha sonra tədbirdə şəhid anası Qızbəs Abbasova, Qərbi Azərbaycan İcmasının Daşkəsən rayon nümayəndəliyinin rəhbəri Malik Ələsgərov, Daşkəsən Rayon Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü Xanlar Məmmədov, rayon sakinləri Raqif Allahverdiyev, Mirzə Abışov və başqaları çıxış ediblər. Natiqlər bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən söz açaraq fikir və təkliflərini bildiriblər.
Tədbirin sonunda builki qəbul imtahanlarında yüksək nəticə əldə edərək tələbə adını qazanan və idman nailiyyətləri əldə edən gənclərin, həmçinin təmir-tikinti və bərpa işlərində fəal iştirakı ilə seçilən sakinlərin bir qrupu Daşkəsən Rayon Ağsaqqallar Şurasının Fəxri fərmanları ilə təltif olunublar.
İştirakçılar belə tədbirlərin keçirilməsinə görə Daşkəsən Rayon Ağsaqqallar Şurasına və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.







