Nərimanov Rayon Ağsaqqallar Şurasında Beynəlxalq Ahıllar Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri, Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun atası Arif Hümbətov, sədr müavini Kamil Babayev, “Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri, Binəqədi rayonu “Ahıllar üçùn Günərzi Qayğı Mərkəzi”nin rəhbəri Aynur Zülfüqarova, “Ahıllar ücün Günərzi Qayğı Mərkəzinin” layihə rəhbəri, “Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təsisçisi Nərmin Rəfibəyli, eləcə də Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri, Binəqədi və Nərimanov rayonlarının ahıl sakinləri və gənclər iştirak ediblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Arif Hümbətov bütün ahıllları Beynəlxalq Ahıllar Günü münasibətilə təbrik edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü islahatlar bütün sahələrdə olduğu kimi, sosial müdafiəyə ehtiyacı olan insanların da rifah halının yaxşılaşdırılmasına yönəlib. Natiq əlavə edib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın sosial cəhətdən həssas olan əhali kateqoriyaları ilə bağlı olan təşəbbüsləri bu sahəyə olan dövlət qayğısının bariz nümunəsidir. Heydər Əliyev Fondu tərəfindən sosial xidmət müəssiələrində, Qocalar evində mütəmadi olaraq xeyirxah aksiyalar, dövlət himayəsində yaşayanlara xoş hisslər bəxş edən tədbirlər təşkil olunur. Azərbaycan Ağsaqqallar Şurası, eləcə də Nərimanov Rayon Ağsaqqallar Şurası da bu nəcib prosesdə yaxından iştirak edir, ahıl insanlara diqqət və qayğını əsirgəmirlər.
Tədbirdə çıxış edən Aynur Zülfüqarova və digər natiqlər də qeyd ediblər ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial siyasətin mühüm istiqamətlərindən biri ahıl insanların sosial müdafiəsinin gücləndirilməsinə və layiqli həyat şəraitinin təmin edilməsinə, eləcə də həyatının ahıl çağında müxtəlif səbəblərdən tənha və köməksiz qalmış insanların dövlət tərəfindən hərtərəfli təminatla əhatə olunmasına hədəflənib. Natiqlər Arif Hümbətovun sədrliyi ilə Nərimanov Rayon Ağsaqqallar Şurasının da bu sahədə həyata keçirdiyi işləri yüksək qiymətləndiriblər və vurğulayıblar ki, ölkəmizdə bu istiqamətdə fəaliyyət göstərən təşkilatlar ahıllara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşırlar.
Səmimi şəraitdə keçən tədbirin sonunda Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri, Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun atası Arif Hümbətov bir daha bütün ahıllları Beynəlxalq Ahıllar Günü münasibətilə təbrik edərək onlara sağlam və uzun ömür arzulayıb, xanımlara milli baş örtüyümüz, gözəllik, ismət, ləyaqət və sədaqət rəmzi olan kəlayağılar hədiyyə edib.










