Oktyabr ayının 6-da Füzuli və Saatlı rayonlarının Ağsaqqallar Şuralarının hesabat-seçki konfransları keçirilib.
Konfranslarda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, ağsaqqallar, ziyalılar, şəhid valideynləri, gənclər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Konfranslarda Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçən qəhrəman şəhidlərimizin və ötən dövr ərzində vəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Hər iki rayonun icra hakimiyyətinin rəhbəri Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzovu və digər tədbir iştirakçılarını salamlayaraq, ağsaqqalların Füzuli və Saatlı rayonlarının ictimai-mədəni həyatındakı akitiv fəaliyyətindən bəhs ediblər. Vurğulayıblar ki, milli və mənəvi dəyərlərimizin qorunması, eləcə də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində bir çox işlər görən ağsaqqallar hər zaman dövlətimizin və dövlətçiliyimizin yanında olublar. Müntəzəm şəkildə vətəndaşlarla, xüsusilə gənclərlə, şəhid ailələrinin üzvləri və qazilərlə görüşlər, tədbirlər keçirərək öz maarifləndirici ağsaqqallıq missyalarını layiqincə yerinə yetiriblər. Natiqlər rayon ağsaqqallarının bundan sonra da Vətənimizin tərəqqisinə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi yüksək fəaliyyətə töhfə verəcəklərinə əmin olduqlarını bildiriblər və konfransların işinə uğurlar arzulayıblar.
Sonra Füzuli Rayon Ağsaqqallar Şurasının sədri Zülfüqar Əliyev və Saatlı Rayon Ağsaqqallar Şurasının sədri Sədafər Hüseynov görülən işlərlə bağlı hesabat məruzələri ilə çıxış ediblər. Yerli təşkilatların fəaliyyətləri haqqında ətraflı məlumat verən natiqlər bildiriblər ki, Şura üzvləri ötən dövr ərzində, o cümlədən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən tədbirlərdə, şəhidlərimizə həsr edilmiş anım mərasimlərində, qazilərlə görüşlərdə yaxından iştirak etmiş, onlara mənəvi dəstək olmuş, gənclərlə mütəmadi olaraq maarifləndirici işlər aparmışlar. Milli-mənəvi dəyərlərimizin formalaşmasında, yaşadılmasında və gənclərə aşılanmasında ağsaqqal sözünün daşıdığı önəmi vurğulayan rayon sədrləri ağsaqqalların bundan sonra da ölkəmizin ictimai-mədəni həyatında əhəmiyyətli rol oynayacaqlarını bildiriblər.
Konfranslarda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov tədbir iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayaraq qeyd edib ki, növbəti dəfə Füzuli və Saatlı rayonlarının müdrik ağsaqqalları ilə görüşməkdən çox məmnundur. Sonra natiq ağsaqqalların cəmiyyətin ictimai həyatında oynadıqları əhəmiyyətli roldan söz açıb, xüsusilə gənc nəslin milli-mənəvi dəyərlərə bağlı və vətənpərvərlik ruhunda formalaşmasında onların xidmətlərini yüksək qiymətləndirib. Gənc nəslin milli ruhda böyüməsinə hər zaman böyük önəm verən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin öz çıxışlarında ağsaqqalların rolunun danılmaz olduğunun vurğulamasından bəhs edən Vahid Novruzov ölkəmizin yüksək hədəflərə doğru inamla irəliləyərək bütün sahələrdə böyük uğurlara imza atdığını konfrans iştirakçılarının diqqətinə çatdırıb. Azərbaycan xalqının Ümummilli Lideri, müasir tariximizin qurucusu Heydər Əliyevin layiqli davamçısı, dövlət başçısı cənab İlham Əliyevin uğurlu prezidentlik fəaliyyətindən, onun rəhbərliyi ilə ölkəmizin qazandığı misilsiz nailiyyətlərdən söz açıb. Vurğulayıb ki, möhtəşəm Zəfərdən sonra hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda geniş bərpa-quruculuq işləri həyata keçirilir və “Böyük Qayıdış” proqramı çərçivəsində məcburi köçkünlərimiz öz ata-baba yurdlarına qayıdırlar. Konfranslarda Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin rəhbərliyi ilə həyata keçirilən əhəmiyyətli işlər barədə ətraflı məlumat verən Vahid Novruzov Füzuli və Saatlı Rayon Ağsaqqallar Şuralarının hesabatlarını qənaətbəxş hesab edərək onlara gələcək fəaliyyətlərində davamlı uğurlar arzulayıb.
Çıxış edən digər natiqlər də görülən işləri təqdirəlayiq hesab ediblər. Hər zaman öz fəaliyyətləri ilə xalqın Prezidentinin, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yanında olduqlarını və onun həm xarici, həm də daxili siyasətini müdafiə etdiklərini vurğulayıblar. Bildiriblər ki, hər iki rayonun ağsaqqalları bundan sonra da aktiv fəaliyyətləri ilə Azərbaycan dövlətinin və cəmiyyətinin ikişafına xidmət göstərəcəklər.
Konfranslarda təşkilati məsələlər də müzakirə olunub. Hər iki rayon təşkilatının səlahiyyət müddəti başa çatan sədrləri, İdarə Heyəti və Təftiş Komissiyalarına seçki keçirilib. Açıq səsvermə yolu ilə Sədafər Hüseynov Saatlı Rayon Ağsaqqallar Şurasının, Zülfüqar Əliyev isə Füzuli Rayon Ağsaqqallar Şurasının sədri seçiliblər. Sonra isə onların təqdimatı əsasında hər iki rayonun ictimai fəal və nüfuzlu ağsaqqalarından ibarət İdarə Heyəti və Təftiş Komissiyası formalaşdırılıb.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov və digər natiqlər yeni seçilən sədrləri və heyət üzvlərini təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Saatlı rayonunda keçirilən konfransda Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, şəhid atası Vaqif Əmiraslanov rayonun ictimai-mədəni həyatında, Şuranın işində səmərəli fəaliyyətinə görə və 70 illik yubileyi münasibətilə Azərbaycan Ağsaqqallar Şurasının Fəxri Fərmanı ilə təltif edilib.
Füzuli və Saatlı rayonlarının Ağsaqqallar Şuralarının hesabat-seçki konfransları keçirilib
- 07-10-2026
- [16:37]
- []
07
Okt




















