Oktyabr ayının 8-də Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib. İclasın gündəliyində iki əsas məsələ olub. Azərbaycan Ağsaqqallar Şurasının şəhər və rayon təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətlərinin yekunlarına dair keçirilən hesabat konfransları barədə müzakirələr aparılıb və Şuranın İdarə Heyətinin üzvü, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun 80 illik yubileyi qeyd edilib.
Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev, Şura sədrinin müavinləri – millət vəkili, professor Eldar İbrahimov, millət vəkili Ağalar Vəliyev, Bayram Yusifov, akademik Abel Məhərrəmov, professor Vahid Novruzov, həmçinin Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri – AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov, akademik, millət vəkili Ziyad Səmədzadə, millət vəkilləri Səttar Mehbalıyev və Heydər Əsədov, professor Aqiyə Naxçıvanlı, Xanlar Vəliyev, professor Elbay Qasımzadə, Milli Qəhrəman Vahid Quliyev, o cümlədən Şuranın Aparat rəhbəri Ramin Həsənli, baş məsləhətçi-hüquqşünas Kamal Əliyev, məsləhətçi Zahid Abbasov və başqaları iştirak ediblər.
İclası giriş nitqi ilə açan Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev tədbir iştirakçılarını salamlayaraq Ümummilli Liderimiz Heydər Əliyevin təməlini qoyduğu siyasi kursu yüksək səviyyədə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətdən, dinamik inkişaf prosesindən bəhs edib. Bildirib ki, hər zaman olduğu kimi, bu gün də dövlət başçısını dəstəkləyən, onun ətrafında sıx birləşən Azərbaycan Ağsaqqallar Şurasının 81 şəhər və rayon təşkilatının 35 mindən çox üzvü Şuranın Nizamnaməsinə, yerli təşkilatların Əsanaməsinə və cari ilin “İş Planı”na uyğun olaraq öz aktiv fəaliyyətlərini davam etdirir, ölkəmizin ictimai-siyasi və sosial-mədəni proseslərində yaxından iştirak edirlər. Hər il olduğu kimi bu il də Azərbaycan Ağsaqqallar Şurasını sədr müavinlərinin, eləcə də İdarə Heyətinin üzvlərinin iştirakı ilə yerli təşkilatların hesabat konfransları keçirilir. Bu tədbirlərdə ötən dövr ərzində görülən işlər barədə ictimaiyyətə məlumat verilir, həmçinin gələcək planlar, həyata keçiriləcək tədbirlər haqqında geniş müzakirələr aparılır, səmərəli təkliflər irəli sürülür. Natiq vurğulayıb ki, əsas məqsəd xalqımızın milli-mənəvi dəyərlərini və tarixi ənənələrini, habelə müasir inkişaf meyillərini nəzərə almaqla ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və humanitar inkişafına, müxtəlif məsələlərin həllinə ağsaqqalların töhfəsini təmin etmək, habelə cəmiyyətimizdə və xüsusilə gənclər arasında mövcud olan problemlərə – əsrimizin bəlası olan narkomaniyaya, boşanmaların sayının artmasına və digər çatışmzlıqlara qarşı daha aktiv fəaliyyət göstərmək, gənclərimizi maarifləndirmək, onları milli-mənəvi dəyərlərimizə hörmət və vətənpərvərlik ruhunda yetişdirməkdir.
Sonra Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev bu günlərdə 80 yaşı tamam olan Şuranın İdarə Heyətinin üzvü, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ölkəmizin ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmi-pedaqoji sahədə böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif olunduğunu qeyd edərək, göstərilən bu diqqətə görə İdarə Heyətinin bütün üzvləri adından dövlət başçısına minnətdarlığını bildirib. Eldar müəllim də, öz növbəsində, Misir Mərdanovu 80 illik yubileyi və ali dövlət təltifinə layiq görülməyi münasibətilə səmimi-qəlbdən təbrik edib, ona uzun ömür, möhkəm cansağlığı, gərəkli fəaliyyətində uğurlar arzulayıb. Qeyd edib ki, şərəfli ömrünü Azərbaycan elminə, təhsilinə, dövlət idarəçiliyinə və ictimai-mənəvi dəyərlərimizin yaşadılmasına həsr edən Misir Mərdanovun yüksək elmi fəaliyyəti ilə yanaşı, elm və təhsilimizin inkişafı naminə həyata keçirdiyi təşkilati və idarəçilik fəaliyyəti xüsusi ehtiram doğurur. Natiq onu da əlavə edib ki, hazırda Misir müəllim Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü olaraq nümunəvi fəaliyyəti ilə xalqımıza, dövlətimizə böyük xidmətlər göstərir, cəmiyyətimizin inkişafında, gənclərimizin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.
İclasda çıxış edən digər tədbir iştirakçıları da Misir Mərdanovu 80 illik yubileyi və “Şərəf” ordeni ilə təltif olunmağı münasibətilə ürəkdən təbrik edərək, ona sağlam həyat, cəmiyyətimiz üçün nümunə olan ömür yolunda və gələcək fəaliyyətində yeni-yeni nailiyyətlər diləyiblər. Vurğulayıblar ki, Misir müəllimin uzun illər ərzində milli təhsil sistemimizin inkişafına xidmət edən fəaliyyəti, təhsilimizin qarşısında duran mühüm məsələlərin həllinə verdiyi töhfələr, müəllim əməyinə və gənc nəslin intellektual-mənəvi inkişafına göstərdiyi diqqət ölkəmizin təhsil tarixində özünəməxsus iz qoyub.
Daha sonra Eldar Quliyev Azərbaycan Ağsaqqallar Şurasının işində səmərəli fəaliyyəti ilə xalqımıza, Vətənimizə göstərdiyi dəyərli xidmətlərə görə və 80 illik yubileyi münasibətilə Şuranın İdarə Heyəti tərəfindən “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif olunan Misir Mərdanova döş nişanını və hədiyyələri təqdim edib, bir daha ona möhkəm cansağlığı, gələcək fəaliyyətində uğurlar arzulayıb. Digər tədbir iştirakçıları tərəfindən də bir daha yubilyara xoş arzular çatdırılıb və hədiyyələr təqdim olunub.
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov xoş sözlərə və gözəl arzulara görə hər kəsə öz təşəkkürünü bildirərək, fəaliyyətini dəyərləndirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib, ona göstərilən bu diqqəti yüksək qiymətləndirib. Eləcə də Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevə və İdarə Heyətinin üzvlərinə öz təşəkkürünü ifadə edərək bundan sonra da fəaliyyət göstərdiyi hər bir sahədə Vətənimizin daha da çiçəklənməsi naminə var qüvvəsi ilə çalışacağını vurğulayıb.
Sonda xatirə şəkli çəkilib.















