“Oktyabrın 7-də Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə İtkin düşmüş şəxslər üzrə “Bakı Dialoqu” çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda IV beynəlxalq konfrans qlobal əhəmiyyətə malikdir”.
Bu fikri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Pokovnik qeyd edib ki, konfransda itkin probleminin həlli istiqamətində Azərbaycan dövlətinin atdığı addımlara diqqət çəkilib, habelə, bu istiqamətdə görülməsi gərəkən işlər vurğulanıb:
“İtkin düşmüş şəxslərlə bağlı IV beynəlxalq konfrans sözügedən problemin həlli istiqamətində möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin həyata keçirdiyi tədbirlərə, əldə etdiyi uğurlara diqqət çəkməklə yanaşı, mövcud problem və çətinlikləri də aktuallaşdırdı. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri hörmətli Əli Nağıyev öz çıxışında itkin problemi ilə bağlı konfrans iştirakçılarına ətraflı məlumat verdi, konkret rəqəmlər, statistik məlumatlar əsasında problemlə bağlı mövcud mənzərəyə aydınlıq gətirdi. Dövlət Komissiyasının sədri vurğuladı ki, hazırda 4010 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb, 11566 donordan isə bioloji nümunə toplanılıb. Ümumilikdə şəxsiyyəti eyniləşdirilmiş 273 nəfərin qalıqları ailələrinə təhvil verilib və bu istiqamətdə səylər günümüzdə də davam etdirilir. Lakin itkin probleminin həlli ilə bağlı Azərbaycanın səylərinin daha ciddi nəticə verməsi üçün Ermənistanın da bu səyləri dəstəkləməsi, itkinlər və onların aqibəti haqqında dövlətimizə məlumat verməsi vacibdir. Ancaq təəssüflər olsun ki, hələ ki, bu istiqamətdə Ermənistan tərəfindən heç bir real, praktiki addım atılmayıb. Halbuki, 8 avqust 2025-ci ildə Vaşinqton şəhərində paraflanmış sülh sazişi layihəsində itkin şəxslər və məcburi yoxaçıxma halları üzrə Azərbaycala Ermənistan arasında əməkdaşlıq nəzərdə tutulub.
Hesab edirəm ki, itkin düşmüş şəxslərlə bağlı IV beynəlxalq konfrans bütün dünyada adıçəkilən problemin həllinə öz müsbət təsirini göstərəcək, bu sahədə həmrəylik və əməkdaşlıq üçün yeni zəmin formalaşdıracaq”.