Oktyabr ayının 14-də Abşeron Rayon Ağsaqqallar Şurasının növbəti iclası keçirilib. İclasda Rayon Ağsaqqallar Şurasının sədri, şəhid Rauf İbadovun atası Məhərrəm İbadov, sədr müavini Ramiz Hüseynov, eləcə də Şuranın İdarə Heyətinin üzvləri, ziyalılar, qəsəbə Ağsaqqallar Şuralarının sədrləri, şəhid valideynləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Gündəlikdə duran əsas məsələ ümumtəhsil məktəblərində vahid məktəbli formasının tətbiqi ilə əlaqədar təhsil müəssisələrində yaradılmış “süni hicab” məsələsi ilə bağlı müzakirələrin aparılması, rayonun bütün ağsaqqallarının dövlət siyasətinə dəstək məqsədi ilə gənclərimizə tövsiyəsi, məsləhəti və cəmiyyətdə rolu olub.
Tədbir öncəsi Ümummilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik yad edilib.
İclasda çıxış edən Abşeron Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Məhərrəm İbadov bildirib ki, məktəblərdə vahid geyim qaydalarına əməl edilməsi şagirdlər arasında nizam-intizamın qorunması və bərabər təhsil mühitinin formalaşdırılması baxımından mühüm məsələlərdən biridir. Nazirlər Kabinetinin bu istiqamətdə qəbul etdiyi qərarlar tamamilə əsaslı və zəruri xarakter daşıyır. Qaydaların tətbiqi uşaqların tərbiyəsinə, davranışına və məktəb mühitində bir-birinə münasibətinə çox müsbət təsir göstərir. Hər bir Azərbaycan vətəndaşı kimliyindən asılı olmayaraq dövlətimizin qanunlarına tabe olmalı, dövlətimizi, dövlətçiliyimizi, şəhidlərimizin qanı-canı hesabına ərazi bütövlüyünü tam bərpa etdiyimiz vətənimizi qorumalı, ölkəmizin inkişafı və xalqımızın rifahı naminə əlindən gələni əsirgəməməlidir.
Tədbirdə çıxış edən digər natiqlər də vurğulayıblar ki, Nazirlər Kabinetinin qərarı zamanında verilmiş düzgün qərardır, məktəblərdə vahid geyim formasının tətbiqi və nizam intizam qaydalarına əməl olunması təhsilin keyfiyyətini artırır və bu, eyni zamanda şagirdlərin hüqüq və psixoloji bərabərliyinin bərpası deməkdir.
Səmərəli müzakirələr şəraitində keçən iclasda qərara alınıb ki, Abşeron Rayon Ağsaqqallarının üzvlərinin və digər natiqlərin çıxışlarında verilən tövsiyə və məsləhətlər nəzərə alınaraq kənd və qəsəbələrin təhsil müəssələrində, cəmiyyətdə təbliğ olunmalı, bu sahədə ağsaqqalların fəaliyyəti daha da gücləndirilməli və şagirdlərin vahid geyim formasında təhsillərini davam etdirmələri üçün ağsaqqallar bu prosesdə yaxından iştirak etməlidirlər.



