Xəbərlər

Binəqədi Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib

15 oktyabr 2026-cı il tarixində Binəqədi Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib.

Konfransda Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri – millət vəkili Səttar Mehbalıyev və Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri, ədliyyə general-mayoru Akif Rəfiyev, eləcə də Azərbaycan Ağsaqqallar Şurasının baş məsləhətçi-hüquqşünası Kamal Əliyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, ağsaqqallar, ziyalılar, şəhid valideynləri, gənclər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda həlak olan qəhrəman şəhidlərimizin və dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev öz çıxışında Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimovu və digər tədbir iştirakçılarını salamlayaraq, ölkəmizin  hər bir bölgəsində, eləcə də  Binəqədi rayonunda böyük hörmət və nüfuz sahibi olan ağsaqqalların fəaliyyətindən söz açıb. Ağsaqqalların rayonun ictimai-mədəni həyatındakı xidmətlərindən,  onların dəyərli məsləhətlərinə, öyüd-nəsihətlərinə hər zaman ehtiyacın olmasından danışıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən də Binəqədi rayonunda həyata keçirilən inkişaf prosesindən  bəhs edən natiq  rayona və sakinlərə göstərdiyi qayğıya görə dövlət başçısına dərin minnətdarlığını ifadə edib. Bu inkişaf prosesində ağsaqqalların da yaxından iştirak etdiklərini vurğulayıb və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev hesabat məruzəsi ilə çıxış edərək ötən dövr ərzində görülən işlər barəsində məlumat verib. Bildirib ki, Şura üzvləri aktual mövzularla bağlı bir çox tədbirlərdə, yığıncaqlarda iştirak və çıxışlar ediblər, orta məktəblərdə və peşə təhsili məktəblərində gənclərlə mütəmadi görüşlər keçiriblər, onlarla maarifləndirici işlər aparıblar. Şəhidlərin anım mərasimlərində yaxından iştirak edərək, onların ailələrinə, qazilərə mənəvi dəstək olublar. Natiq onu da qeyd edib ki, hesabat dövründə  həm özü, həm də rayon ağsaqqalları tərəfindən kütləvi informasiya vasitələrində müxtəlif aktual mövzularda məqalələri dərc olunub. Akif Rəfiyev öz çıxışında son günlər ümumtəhsil məktəblərində şagirdlərin və müəllimlərin geyim qaydalarının tətbiqi prosesinin müəyyən qüvvələr tərəfindən məqsədli şəkildə qarşıdurmaya çevrilməsi cəhdindən də danışıb və vurğulayıb ki, bununla bağlı rayon ağsaqqalları şagirdlər və valideynlərlə maarifləndirici söhbətlər aparırlar. Çıxışının sonunda Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri bundan sonra da öz fəaliyyətlərini aktiv şəkildə davam etdirəcəklərini bildirib.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili, professor Eldar İbrahimov konfransda çıxış edərək Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından tədbir iştirakçılarını salamlayıb. Ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətimizin dinamik inkişafı prosesindən, gündən-günə artan beynəlxalq nüfuzundan bəhs edib. Azərbaycanın regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildiyini, ali məqsədlərə doğru inamla irəliləyərək bütün sahələrdə böyük uğurlara imza atdığını diqqətə çatdırıb. Bu inkişaf fonunda ağsaqqalların da öz fəaliyyətlərini yüksək səviyyədə qurmalarının vacibliyini vurğulayan Eldar İbrahimov son günlərdə məktəblərdə şagirdlərin və müəllimlərin vahid geyim qaydalarının tətbiqini məqsədyönlü şəkildə siyasiləşdirilməsini pisləyib. Bildirib ki, Azərbaycan Ağsaqqallar Şurası olaraq, biz Nazirlər Kabinetinin ümumtəhsil məktəblərində geyim qaydalarına dair qərarlarının qanunvericiliyə uyğun tətbiqini dəstəkləyirik. Natiq bu məsələdə cəmiyyətimizin maarifləndirilməsini vacib hesab edərək, vahid məktəbli formasınının birlik və nizam-intizamın təcəssümü kimi qiymətləndirilməsi prosesində ağsaqqalları daha aktiv fəaliyyət göstərməyə çağırıb. Çıxışının sonunda Binəqədi Rayon Ağsaqqallar Şurasının həyata keçirdiyi işləri qənaətbəxş qiymətləndirən Eldar İbrahimov hər kəsə möhkəm cansağlığı və uğurlar arzulayıb.

Konfransda çıxış edən digər natiqlər də Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin uğurlu rəhbərliyi ilə Şurada, o cümlədən Binəqədi rayonunda ağsaqqalların səmərəli fəaliyyətindən bəhs ediblər. Vurğulayıblar ki, ağsaqqallar hər zaman olduğu kimi, bu gün də milli-mənəvi dəyərlərimizin qorunmasına, əxlaqi normaların və sağlam həyat tərzinin təbliğinə öz töhfələrini verirlər.

Binəqədi rayonunda keçirilən hesabat-seçki konfransında təşkilati məsələlər də müzakirə olunub. Rayon Ağsaqqallar Şurasının səlahiyyət müddəti başa çatan sədri, İdarə Heyəti və Təftiş Komissiyalarına seçki keçirilib. Rayon təşkilatının sədri vəzifəsinə yenidən Akif Rəfiyevin namizədliyi irəli sürülüb. Keçirilən açıq səsvermə yolu ilə o, Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri seçilib. Sonra isə sədrin təqdimatı ilə rayonun nüfuzlu ağsaqqalarından ibarət İdarə Heyəti və Təftiş Komissiyası formalaşdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.