Xəbərlər

Suraxanı Rayon Ağsaqqallar Şurasının təşkilatçılığı ilə şəhid idmançı Muxtar Qasımlının xatirəsinə həsr olunmuş cüdo turniri keçirilib

Oktyabrın 18-də Suraxanı Rayon Ağsaqqallar Şurasının və Bülbülə qəsəbəsi Ağsaqqallar Şurasının sədri Cavid Babayevin təşkilatçılığı və maddi dəstəyi, eləcə də Lokomotiv Cüdo Akademiyasının baş məşqçisi Kazım Babayevin təşəbbüsü ilə Qaraçuxur qəsəbəsində şəhid idmançımız Muxtar Əli oğlu Qasımlının xatirəsinə həsr olunmuş cüdo turniri keçirilib. Kiçik yaşlı yeniyetmələr arasında keçirilən Lokomotiv Cüdo Akademiyasının Açıq Birinciliyində 20 komanda üzrə 260 idmançı iştirak edib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin, eləcə də şəhid idmançımız Muxtar Qasımlının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Suraxanı Rayon Ağsaqqallar Şurasının sədr müavinləri – şəhid Muxtar Qasımlının atası Əli Qasımlı və 3-qat Yay Olimpiya Oyunlarının hakimi, “Şöhrət” ordenli Hicran Şərifov, Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid Rüfət Əsgərovun atası Mürvət Əsgərov, Suraxanı Rayon İcra Hakimiyyətinin məsul işçiləri Elmar Hüseynov və Şaiq Səfərov, YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, eləcə ağsaqqallar, şəhid valideynləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən natiqlər Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı və Azərbaycan çempionu olmuş şəhid Muxtar Əli oğlu Qasımlının keçdiyi şərəfli yoldan, onun idman həyatından, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan söz açıblar. Onun və bütün şəhidlərimizin xalqımız tərəfindən heç zaman unudulmayacaqlarını vurğulayıblar. Sonra çıxışçılar 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin və şəhidlərimizin xatirəsinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasındakı mühüm rolundan bəhs ediblər. Turnirin təşkilində əməyi keçənlərə təşəkkürlərini bildirərək gənc idmançıların vətənpərvər ruhda yetişməsində və ölkəmizin idman şərəfinin uca tutulmasında belə yarışların böyük əhəmiyyət kəsb etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Bütün yeniyetmə iştirakçılara əzmkarlıq və turnirdə qələbə arzulayıblar.
Kiçik yaşlı yeniyetmələr arasında keçirilən cüdo turniri maraqlı mübarizə ilə yadda qalıb. Turnirin qalibləri diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.
Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Muxtar Qasımlı “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “İgidliyə görə”, “Vətən uğrunda” medalları ilə və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.