Xəbərlər

Ağdaş Rayon Ağsaqqallar Şurasının növbəti iclası keçirilib

İclasda cari məsələlərin müzakirəsi ilə yanaşı, Şuranın işinin təşkilində fəallıq nümayiş etdirən ağsaqqalların dəyərləndirilməsi məsələsinə də baxılıb.

Giriş nitqi ilə çıxış edən Ağdaş Rayon Ağsaqqallar Şurasının sədri Qalib Həsənov tədbir iştirakçılarını salamlayaraq rayonda aparılan abadlıq-quruculuq və digər işlərdən danışmış, ağsaqqalların da bu proseslərdə yaxından iştirak etdiklərini vurğulamışdır. Bildirmişdir ki, digər regionlarda olduğu kimi, Ağdaş rayonu da daim dövlət qayğısı ilə əhatə olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 19 fevral 2025-ci il tarixli Sərəncam bunun bariz nümunəsidir. Sərəncama əsasən rayonun Dovudlu – Binələr – Güvəkənd – Qaradeyin – Eymur – Ərəbşəki – Ağcaqovaq avtomobil yolunun əsaslı təmiri nəzərdə tutulmuşdur. İlkin olaraq, dövlət büdcəsindən ayrılan 1,5 milyon manatlıq işin artıq 50 faizindən çoxu görülmüşdür. 4 kəndi əhatə edən kəndarası yollar müasir standartlara uyğun tam asfaltlaşdırılmışdır. Bu, bütünlükdə 9 min nəfər əhalinin gediş-gəlişinə lazımi şərait yaradacaqdır. Sonra sədr qeyd edib ki, hazırda rayonda “Heyva festivalı”na hazırlıq işləri aparılır. İkinci ildir ki, bu tədbir keçiriləcəkdir. Keçən il birinci dəfə baş tutan festival birbaşa ağsaqqalların rayon rəhbərliyinə ünvanlandığı müraciətləri və verdikləri təklif əsasında keçirilmişdir.

Tədbirdə çıxış edən bir qrup ağsaqqal da rayona göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər. Daim dövlətə və dövlətçiliyə sədaqətli olacaqlarını bildiriblər.

Daha sonra iclasda uzun illər dövlət qulluqçusu kimi fəaliyyət göstərmiş və hazırda Şuranın işində aktiv iştirak edən İdarə Heyətinin üzvü, ictimaiyyət arasında böyük nüfuzu olan, Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri vəzifəsində çalışan Elton Hacıyev Fəxri Fərmanla təltif olunmuşdur.

Rayonun Heydər Əliyev xiyabanında baş tutan tədbirdə ağsaqqalların şərəfinə şirniyyat süfrəsi açılmış, xatirə şəkilləri çəkilmişdir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.