26 oktyabr 2026-cı il tarixində Şabran Rayon Ağsaqqallar Şurasının təşəbbüsü, Rayon İcra Hakimiyyətinin, Şəhid Analarına Dəstək İctimai Birliyinin və rayon mədəniyyət sektorunun təşkilatçılığı ilə mədəniyyət sarayında şanlı Zəfər tariximizə həsr olunmuş geniş tədbir keçirilib.
Tədbirdə rayonun şəhid ailələrinin üzvləri, Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri, ağsaqqallar, ziyalılar, rayonun təhsil sektoruna daxil olan ümumtəhsil məktəblərinin müəllim və şagirdləri, rayonun mədəniyyət müəssisələrinin işçiləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Rayon Ağsaqqallar şurasının sədri Adıgözəl Əliyev, İdarə Heyətinin üzvü Böyükağa Şükürov, Rayon İcra Hakimiyyəti başçısının müavini Natavan Mustafayeva, İctimai Birliyin rəhbəri Ceyran Həsənova və şəhid valideynləri çıxış ediblər. Vurğulayıblar ki, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızı işğaldan azad edərək şanlı tarix yazdılar. 2020-ci il noyabrın 8-də qəhrəman əsgər və zabitlərimiz düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardılar. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm Qələbə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə əbədiləşdirildi və noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı.
Tədbir boyunca şəhidlərimizə, Vətənə, işğaldan azad edilmiş torpaqlarımıza həsr olunmuş vətənpərvərlik ruhunda şeirlər səsləndirilib və şanlı Zəfər tariximizə həsr olunmuş qısametrajlı film nümayiş etdirilib.









