Abşeron rayonu Saray qəsəbəsində 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalan Rauf İbadovun anım mərasimi keçirilib.
Mərasimdə şəhid Rauf İbadovun atası, Abşeron Rayon Ağsaqqallar Şurasının sədri Məhərrəm İbadovla yanaşı, Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri Vəli Səfərov, Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov, “Azəriqaz” İstehsalat Birliyinin Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov, Abşeron Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, şəhid Vidadi Zalovun atası Nizami Zalov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, həmçinin ağsaqqallar, şəhid ailələrinin üzvləri, qazilər, idarə və müəssisələrin əməkdaşları, rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Saray qəsəbəsi Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi Rauf İbadovun və digər şəhidlərimizin məzarlarını ziyarət ediblər.
Mərasimdə çıxış edən natiqlər Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində və 1 günlük antiterror tədbirlərində düşməni diz çökdürərək torpaqlarımızı işğaldan azad etməsindən söz açıblar. Vurğulayıblar ki, hazırda işğaldan azad olunan şəhər, rayon və kəndlərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, soydaşlarımız böyük sevinc və qürur hissi ilə öz doğma yurdlarına qayıdırlar. Bu gün bu sevinc və qürur hissini xalqımıza yaşadan, torpaqlqrımızın azadlığı uğrunda, suveren Azərbaycan naminə canından keçən Rauf kimi igid övladlarımızın vətənpərvər mübarizə əzmindən, şərəfli döyüş yolundan, misilsiz şücaətlərindən və tarixə yazılan qəhrəmanlıqlarından bəhs ediblər. Rauf İbadova və onun timsalında bütün şəhidlərimizə uca Allahdan rəhmət diləyiblər.
Şəhid Rauf İbadovun atası, Abşeron Rayon Ağsaqqallar Şurasının sədri Məhərrəm İbadov mərasim iştirakçılarına təşəkkür edərək oğlunun, eləcə də Azərbaycanın minlərlə igid övladının qanları ilə Vətənimizin şanlı tarixini yazdıqlarını, xalqımıza böyük Zəfər sevincini bəxş etdiklərini vurğulayıb. Biz, bütün şəhid valideynləri fəxr edirik ki, belə qorxmaz və vətənpərvər oğullar böyütmüşük. Onlar topaqlarımızı işğaldan azad edərək qürurumuzu özümüzə qaytardılar, başımızı uca etdilər. Məhərrəm İbadov, həmçinin, şəhid ailələrinə, qəhrəman qazilərimizə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını ifadə edib.
Sonra şəhidimizin xatirəsinə ehsan süfrəsi açılıb, ruhuna dualar oxunub.







