8 Noyabr – Azərbaycanın ən qürurlu və şanlı bayramlarından biri olan Zəfər Günü münasibətilə Abşeron rayonu Qobu qəsəbə Ağsaqqallar Şurası digər təşkilatlarla birlikdə 44 günlük Vətən müharibəsində qazanılmış böyük Qələbəyə həsr olunmuş “Zəfər yolu” adlı tədbir keçirib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və canlarını Vətən uğrunda qurban vermiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Qobu qəsəbə Ağsaqqallar Şurasının sədri Ədalət Ağayev, sədr müavini, ehtiyatda olan polkovnik-leytenant, fəxri ağsaqqal, Birinci Qarabağ müharibəsinin iştirakçısı Ramiz Məmmədov və təşkilatın digər üzvləri, eləcə də Qobu Uşaq İncəsənət məktəbinin şagird və müəllim heyəti, Qəsəbə Sənətkarlıq Evinin kollektivi, şəhid ailələri, qazilər və müharibə veteranları iştirak ediblər.
İlk olaraq çıxış edən Ramiz Məmmədov tədbir iştirakçılarını salamlayıb. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun nümayiş etdirdiyi misilsiz qəhrəmanlıqlardan, xalqımızın birliyindən və dövlətimizin qətiyyətindən bəhs edib. Zəfər Gününün Azərbaycan tarixindəki müstəsna əhəmiyyətini vurğulayaraq, bu tarixi Qələbənin milli qürur, vətənpərvərlik və dövlətçilik əzminin təcəssümü olduğunu qeyd edib.
Sonra 44 günlük Vətən müharibəsini əks etdirən videoçarx nümayiş olunub.
Daha sonra tədbirdə Qarabağ müharibəsi veteranı Təbriz Bəhramov və başqaları çıxış edərək öz fikirlərini bölüşüblər. Böyük Zəfərin xalqımızın milli birliyinin, əyilməz iradəsinin və Vətən sevgisinin təntənəsi olduğunu bildiriblər. Vurğulayıblar ki, Zəfərimiz daimidir, qəhrəmanlarımız unudulmazdır.
Tədbir Qobu Uşaq İncəsənət məktəbinin şagirdləri tərəfindən musiqi nömrələri ilə davam etdirilib.


