6 noyabr 2026-cı il tarixində Nəsimi Rayon Ağsaqqallar Şurası Rayon İcra Hakimiyyəti ilə birlikdə 8 Noyabr – Zəfər gününə həsr olunmuş geniş tədbir keçirib.
Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Gülarə Verdiyeva, eləcə də, şəhid ailələri, qazilər, ağsaqqallar, ziyalılar, Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının məsul əməkdaşları və digər ictimaiyyət nümayəndləri iştirak ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Giriş nitqi ilə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Gülarə Verdiyeva tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad olunmasının sevincini və qürurunu yaşayaraq 8 Noyabr – Zəfər Gününü böyük coşqu ilə qeyd edir. Natiq vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə işğal altında olan torpaqlarımızın azad olunması və ərazi bütövlüyümüzün təmin edilməsi istiqamətində məqsədyönlü addımlar atılıb, həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə mühüm işlər görülüb. Bu uğurlu siyasəti davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın birliyi nəticəsində torpaqlarımız işğaldan azad olunub.
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski öz məruzəsində 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi, dəmir iradəsi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində qazanılan tarixi Qələbənin əhəmiyyətindən geniş bəhs edib. O, bu Zəfərin xalqımızın 30 illik həsrətinə son qoyduğunu, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək bölgədə yeni reallıqlar yaratdığını vurğulayıb. Məruzədə 44 gün davam edən döyüşlər zamanı xalqla ordunun, dövlətlə millətin nümayiş etdirdiyi sarsılmaz həmrəylikdən söz açan natiq torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin hər bir azərbaycanlının qəlbində əbədi yaşayacağını, qazilərimizin göstərdiyi şücaətin isə gələcək nəsillər üçün böyük vətənpərvərlik məktəbi olduğunu bildirib. Professor Vaqif Şadlinski cəmiyyətin mənəvi sütunu olan ağsaqqalların roluna da xüsusi toxunub. Qeyd edib ki, gənc nəslin dövlətçilik ənənələrinə sədaqət, milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə olunmasında, Zəfər tariximizin həqiqətlərinin çatdırılmasında ağsaqqalların üzərinə böyük məsuliyyət düşür. Çıxışının sonunda professor tədbir iştirakçılarını və onların timsalında bütün rayon ictimaiyyətini Zəfər Günü münasibətilə samimiyyətlə təbrik edərək, ölkəmizə daimi sülh, əmin-amanlıq və yeni böyük uğurlar arzulayıb.
Sonra Zəfər Gününə həsr olunmuş böyük bayram konserti olub.








