Yeni Azərbaycan Partiyasının (YAP) Xəzər rayon təşkilatında tanınmış azərbaycanlı yunan-roma güləşçisi, məşqçi, üçqat SSRİ çempionu, beynəlxalq dərəcəli idman ustası Qurbanov Firudin Eyyub oğlunun 80 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Xəzər Rayon Ağsaqqallar Şurasının sədri Rövşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP İdarə Heyətinin üzvü Rauf Əliyev, Xəzər Rayon Ağsaqqallar Şurasının sədr müavini Balaəli Əliyev, təşkilatın üzvü Altay Mansurov və digər qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov Firudin Qurbanovu 80 illik yubileyi münasibətilə təbrik edərək, ona möhkəm cansağlığı, uzun ömür və xoş günlər arzulayıb. O, yubilyarın zəngin həyat və idman fəaliyyətindən, Azərbaycan güləşinin inkişafına verdiyi töhfələrdən danışıb. Qeyd edib ki, üçqat SSRİ çempionu kimi qazandığı nailiyyətlər, beynəlxalq idman ustası səviyyəsinə yüksəlməsi və məşqçi kimi fəaliyyəti onun Azərbaycan idman tarixində özünəməxsus yer tutduğunu göstərir.
Daha sonra Firudin Qurbanovun həyat və fəaliyyət yoluna həsr olunmuş videoçarx nümayiş etdirilib.
Xəzər Rayon Ağsaqqallar Şurasının sədri Rövşən Salahov çıxışında Firudin Qurbanovun idman sahəsində qazandığı uğurların, əzmkarlığının və fədakar zəhmətinin gənc nəsil üçün nümunə olduğunu bildirib. O, yubilyarın uzun illər ərzində formalaşdırdığı təcrübənin, qazandığı nüfuzun və ağsaqqal kimi cəmiyyətdə tutduğu mövqenin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Firudun Qurbanova möhkəm cansağlığı, uzun ömür və ailəsinin, doğmalarının əhatəsində xoş günlər keçirməyi arzulayıb.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Rauf Əliyev çıxışında Firudin Qurbanovun idman karyerasının Azərbaycan güləşinin şərəfli səhifələrindən biri olduğunu qeyd edib. Bildirib ki, SSRİ çempionluğu kimi yüksək nailiyyətlər böyük iradə, intizam və fədakarlıq tələb edir. Yubilyarın həm idmançı, həm də məşqçi kimi fəaliyyəti ilə gənc nəslin sağlam yetişməsinə verdiyi töhfələr xüsusi dəyər daşıyır.
Tədbirdə çıxış edən Xəzər Rayon Ağsaqqallar Şurasının üzvləri və digər natiqlər də Firudin Qurbanovun həyat yolundan, idman sahəsində qazandığı uğurlardan və şəxsi keyfiyyətlərindən bəhs ediblər. Onun idman sahəsindəki xidmətlərini, Azərbaycan güləşinin inkişafına verdiyi töhfələri və məşqçi kimi fəaliyyətini yüksək qiymətləndiriblər. 80 yaşlı yubilyara möhkəm sağlamlıq və firavanlıq arzulayıblar.
Firudin Qurbanov göstərilən diqqət və ehtirama görə təşəkkürünü bildirərək, onun üçün təşkil olunmuş bu əlamətdar tədbirin xoş təəssürat yaratdığını vurğulayıb.
Sonda tədbir iştirakçıları 80 illik yubileyi münasibətilə bir daha Firudin Qurbanovu təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür və ailə səadəti arzulayıblar. Azərbaycan idmanının inkişafına verdiyi töhfələrə, çoxillik səmərəli fəaliyyətinə və idman sahəsində qazandığı nailiyyətlərə görə Firudin Qurbanova Fəxri Fərman və qiymətli hədiyyələr təqdim edilib.








