Xəbər verdiyimiz kimi, Özbəkistan Respublikasında səfərdə olan Azərbaycan Ağsaqqallar Şurasının rəhbərliyi – Şuranın sədri, millət vəkili, professor Eldar Quliyev, sədr müavini, millət vəkili, Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, habelə Milli Məclisin deputatı Məşhur Məmmədov qardaş ölkədə Zəfər Günü münasibətilə keçirilən tədbirdə iştirak ediblər, işgüzar görüşlər keçiriblər.
Azərbaycanın Özbəkistandakı səfirliyi və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Daşkənddəki “Hyatt Regency” otelində Zəfər Günü münasibətilə keçirilən qəbulda Özbəkistan Ali Məclisi sədrinin müavini Əlişer Kadırov, dövlət və hökumət nümayəndələri, nazirlər, Özbəkistanda akkreditə olunan ölkələrin səfirləri, diplomatları, beynəlxalq təşkilatların təmsilçiləri, elm, mədəniyyət və incəsənət xadimləri, yerli azərbaycanlılar, jurnalistlər iştirak ediblər.
Əvvəl tədbir iştirakçıları Zəfər Günü ilə bağlı foyedə təşkil olunan “44 gün: qəhrəmanlıq, zəfər və azadlıq” adlı fotosərgi ilə tanış olublar. Fotoşəkillərdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində torpaqlarımızı azad etməsi, ölkə başçısının zəfər tvitləri, azad olunan ərazilərdə erməni vandallığının izi, habelə dövlətimiz tərəfindən aparılan quruculuq işləri öz əksini tapıb.
Hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev tədbir iştirakçılarını Zəfər günü münasibətilə təbrik edib, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz siyasəti haqqında məlumat verib.
Səfir təcavüz nəticəsində ölkəmizin torpaqlarının 20 faizinin 30 ilə yaxın Ermənistan silahlı birləşmələri tərəfindən işğal altında saxlanıldığını, 20 min azərbaycanlının həyatlarını itirdiyini və bir milyon insanımızın öz yurdlarından qaçqın və məcburi köçkün olduğunu qeyd edib. Azərbaycan Ordusunun Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində böyük zəfər qazandığını qeyd edən səfir nəticədə torpaqlarımızın işğaldan azad edildiyini bildirib.
Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Azərbaycan-Özbəkistan Dostluq Qrupunun rəhbəri Eldar İbrahimov çıxış edərək 44 gün davam edən Vətən müharibəsi zamanı Ermənistanın ağır məğlubiyyəti, Vətən torpaqlarının azad olunması, haqq ədalətin bərpası, azad olunan torpaqlarda bərpa-yenidənqurma işlərinin həyata keçirilməsinə dair məruzə ilə çıxış edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə hər il noyabrın 8-nin ölkəmizdə Zəfər Günü kimi qeyd olunduğunu vurğulayan Eldar İbrahimov Vətən müharibəsi zamanı Özbəkistanın Azərbaycana mənəvi dəstəyinə görə təşəkkürünü bildirib.
Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan Ermənistanın ölkəmizə təcavüzü, işğal edilən torpaqlarımızda törədilən vandalizm, Vətən torpaqlarının azad edilməsi və orada həyata keçirilən geniş quruculuq işlərinə dair videomaterial nümayiş etdirilib. Həmçinin tədbir iştirakçıları Zəfər Günü münasibətilə Azərbaycanın milli yeməklərinə və şirniyyatlarına qonaq ediliblər.
Səfər çərçivəsində Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Eldar Quliyev Özbəkistan Respublikasının Nazirlər Kabinetinin rəhbər şəxsləri – nazir müavini Sodiqjon Turdiyev, habelə Baxtiyor Norov və Jaxongir İsayevlə görüş keçirib. Görüşdə Eldar Quliyev göstərilən qonaqpərvərliyə görə öz minnətdarlığını bildirərək Azərbaycan xalqının səmimi salamlarını qardaş özbək xalqına çatdırıb. Söhbət zamanı xalqlarımız arasındakı mövcud tarixi-mənəvi əlaqələrə, qardaşlıq münasibətlərinə toxunan Eldar Quliyev Özbəkistanın da təmsil olunduğu Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının xətti ilə ölkələrimizin türk dünyasının birliyi və həmrəyliyi istiqamətində mühüm addımlar atdığını, gələcəkdə bu dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdiriləcəyinə əminliyini vurğulayıb. O, həmçinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuzun qazandığı möhtəşəm Zəfərdən bəhs edərək hər zaman olduğu kimi Vətən müharibəsində də Azərbaycanın yanında olan, mənəvi dəstəyini əsirgəməyən qardaş Özbəkistan dövlətinə və xalqına öz təşəkkürünü bildirib. Onları yaxın zamanlarda Azərbaycanda görəcəklərindən məmnun olacaqlarını bildirərək ölkəmizə dəvət edib. Görüşdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili, Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov, millət vəkili Məşhur Məmmədov və Şuranın Aparat rəhbəri Ramin Həsənli də iştirak edib.
Səfər zamanı Azərbaycan Ağsaqqallar Şurasının rəhbər heyətinin üzvləri Özbəkistan Respublikasının görməli yerlərini, tarixi və mədəni abidələrini ziyarət ediblər. Qardaş ölkədə salınmış Heydər Əliyev parkında və Ulu Öndərin adını daşıyan Azərbaycan Mədəniyyət Mərkəzində olan nümayəndə heyəti mərkəzin rəhbəri Samir Abbasovun iştirakı ilə Ümummilli Liderin xatirə şəkilləri ilə tanış olublar, dahi şəxsiyyətin və şəhidlərimizin əziz xatirəsinə ucaldılmış abidələri, həmçinin Səmərqənd şəhərində Əmir Teymurun türbəsini və Özbəkistan Respublikasının 1-ci prezidenti olmuş mərhum İslam Kərimovun qəbrini ziyarət ediblər.
Səfər zamanı qonaqları Özbəkistan Respublikasının ölkəmizdəki səfiri Bahrom Aşrafxanov və Azərbaycanın qardaş respublikadakı səfiri Hüseyn Quliyev müşayiət edib.
Azərbaycan Ağsaqqallar Şurası rəhbərliyinin qardaş Özbəkistan Respublikasına səfəri başa çatıb
- 08-11-2022
- [11:16]
- [ ]
08
Noy