Şəhər və rayon Ağsaqqallar Şuralarının üzvləri milli bayramlarımız olan Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə keçirilmiş tədbirlərdə yaxından iştirak ediblər.
Ölkəmizin bütün şəhər və rayonlarında Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatları həm ayrılıqda, həm də icra hakimiyyətləri və digər qurumlarla birlikdə bayram tədbirləri keçirmiş, ağac əkmə aksiyalarında iştirak etmiş, geniş tərkibdə (idarə heyətinin üzvləri, ərazi təşkilat sədrləri, el ağsaqqalları) şəhidlər xiyabanını, şəhid məzarlarını, onların xatirəsini əbədiləşdirmək üçün qoyulmuş abidələri, salınmış parkları ziyarət etmiş, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəmanlarımızın ruhuna dualar oxumuşlar.
Tədbirlərdə icra hakimiyyətlərinin nümayəndələri ilə yanaşı, ağsaqqallar, şəhid valideynləri, qazilər də çıxış etmiş, qəhrəman Azərbaycan Ordusunun erməni işğalçıları üzərində şanlı Qələbəsinin 2-ci ildönümünün – Zəfər Gününün və Dövlət Bayrağı Gününün tariximizə qızıl hərflərlə yazılmasından bəhs etmişlər. Vurğulamışlar ki, bu gün həsrətində olduğumuz torpaqlarımıza qovuşmuşuq və erməni vandallarından azad olunmuş hər bir qarış torpağımız Azərbaycan Respulikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yenidən qurulur, çiçəklənir və həmin əbədi-əzəli torpaqlarımızda bayrağımız qürurla dalğalanır. Azərbaycan xalqı bundan sonra da öz liderinin, dövlət başçısı cənab İlham Əliyevin ətrafında “dəmir yumruq” kimi birləşərək ona olan böyük inamını, sevigisini və Vətənə olan dərin məhəbbətini nümayiş etdirəcəkdir.
Tədbirdən sonra Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar hazırlanmış videoçarxlar, kompozisiyalar, rəqs və mahnılar, sərgilənən rəsm əsərləri iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.
Bayram şənlikləri gün ərzində konsert proqramları ilə davam edərək axşam saatlarında atəşfəşanlıqla başa çatmışdır.