Noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşılayıb. Sonra birgə foto çəkdirilib.
Dövlət Başçıları Şurasının iclasını açaraq qonaqları salamlayan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev öz çıxışında tədbirdə müzakirə olunacaq məsələlərdən, Türk Dövlətləri Təşkilatının qarşısında duran vəzifələrdən və əməkdaşlığın genişləndirilməsi perspektivlərindən danışıb.
Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Səmərqənd Sammitinin türk dövlətləri arasında əlaqələrin daha da inkişafına mühüm töhfə verəcəyini vurğulayıb, əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən danışıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında Azərbaycanın Vətən müharibəsindəki Qələbəsinin ikinci ildönümü münasibətilə təbriklərini çatdıraraq deyib: “Cənubi Qafqazda sülh prosesi Can Azərbaycanın bütün səylərinə baxmayaraq, hələ də kövrək olaraq qalır. Noyabrın 8-də qeyd etdiyimiz şanlı Qarabağ Zəfərinin ikinci ildönümündə əziz şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzulayıram. İlham qardaşımızın şəxsində Azərbaycan xalqını bir daha təbrik edirəm. Haqlı mübarizəsində olduğu kimi, sülh axtarışında da Azərbaycanın yanındayıq”.
Azərbaycan ilə Türkiyənin birgə reallaşdırdığı nəhəng layihələrin dünya miqyasında mühüm əhəmiyyətini xüsusi qeyd edən Prezident Rəcəb Tayyib Ərdoğan bildirib: “Bakı-Tbilisi-Ceyhan neft boru kəməri qlobal miqyasda ən uğurlu enerji layihələri arasındadır. Cənub Qaz Dəhlizi isə Avropaya qaz nəql edəcək dördüncü arteriya olaraq layihələndirilib. Onurğa sütununu Trans-Anadolu təbii qaz boru kəmərinin təşkil etdiyi bu dəhliz əlavə qaz tədarükü ilə daha da genişləndirilə bilər. Xəzər hövzəsi bunun üçün ağla ilk gələn mənbədir. Enerji sahəsində təşkilatımızın nəzdində və ikitərəfli səviyyədə əməkdaşlıqla həyata keçirəcəyimiz ortaq layihələrə bu baxımdan böyük önəm veririk”.
Zirvə Görüşündə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Prezident Şavkat Mirziyoyevə minnətdarlığımı bildirib. Qardaş Türkiyəyə bir il ərzində təşkilata uğurlu sədrlik münasibətilə təşəkkür edib, qardaş Özbəkistana sədrliyi dönəmində uğurlar arzulayıb.
2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq təşkilatın böyük inkişaf yolu keçdiyini vurğulayan Dövlət Başçımız deyib: “Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.”
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı quruculuq işlərinin aparıldığını, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına başlandığını qeyd edən Prezident İlham Əliyev türk dövlətlərinin başçılarını Qarabağa və Şərqi Zəngəzura dəvət edib.
İkinci Qarabağ müharibəsinin başa çatmasından iki il keçməsinə baxmayaraq, Ermənistanın sərhəddə hərbi təxribatlarını davam etdirdiyini bildirən Dövlət Başçımız vurğulayıb: “Ermənistan dünya ictimai rəyini çaşdırmaq üçün əsassız olaraq Azərbaycanı hərbi təcavüzdə günahlandırmağa çalışır. Bu əsassız iddiaları qəti şəkildə rədd edirik. Biz öz torpaqlarımızda vuruşmuşuq və Ermənistan ordusunu məğlub edərək onları əzəli torpaqlarımızdan qovmuşuq. Biz bu gün də Azərbaycan-Ermənistan sərhədi istiqamətində öz doğma torpaqlarımızdayıq.”
Tədbirdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Macarıstanın Baş naziri Viktor Orban, Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev və təşkilatın yeni Baş katibi Kubanıçbek Ömüralıyev də çıxış ediblər.
Sonra bir sıra sənədlər, o cümlədən Səmərqənd Bəyannaməsi imzalanıb.
Daha sonra mükafatlandırma mərasimi olub.
Türk dövlətləri arasında dostluğun və tərəfdaşlığın möhkəmlənməsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun xüsusi xidmətlərinin olduğunu vurğulayan Prezident Şavkat Mirziyoyev onların Türk Dünyasının Ali Ordeni ilə təltif edildiklərini bildirib və hər ikisinə ordenləri təqdim edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Türk Dünyasının Ali Ordeni ilə təltif olunduqlarına görə minnətdarlıqlarını bildiriblər.
Sonda xatirə şəkli çəkdirilib.