14 noyabrda Sabunçu Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib. Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinləri – Güloğlan Məmmədov və Rəna Fərəcova, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli və Şuranın böyük məsləhətçi-hüquqşünası Kamal Əliyev, habelə Sabunçu Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri iştirak ediblər.
İlk olaraq tədbir iştirakçıları Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra konfrans iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Konfransı Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev açaraq ölkə Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı möhtəşəm Qələbədən sonra işğaldan azad edilən torpaqlarımızda aparılan geniş vüsətli quruculuq işlərindən, o cümlədən respublikamızın hər bir bölgəsindəki inkişafdan söhbət açıb. Bu inkişaf zəminində Azərbaycan Ağsaqqallar Şurasının da öz fəaliyyətini xüsusilə gənclərlə səmərəli şəkildə qurduğunu qeyd edərək təşkilatın gördüyü işlərdən, həmçinin Şuranın rəhbər heyətinin işgüzar səfərlərindən, beynəlxalq səviyyəli tədbirlərdəki iştirakından danışıb. Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımla, Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla keçirilən səmərəli görüşlərdən, bu yaxınlarda Zəfər Gününün ikinci ildönümünü qeyd etdikləri Özbəkistan səfərindən, qardaş türk dövlətləri arasındakı yüksək əməkdaşlıqdan və mənəvi dəstəkdən bəhs edib. Eldar Quliyev, həmçinin, problemlərə də toxunaraq, əsrimizin bəlasına çevrilmiş narkomaniyaya, gündən-günə artan boşanmalara, erkən nikahlara və digər neqativ hallara qarşı ciddi mübarizə aparmağın və bu mübarizədə ağsaqqalların yaxından iştirak etmələrinin vacibliyini vurğulayıb. Sabunçu rayonunda da mövcud olan bəzi yol, məktəb və qəbiristanlıqla bağlı problemlərin həll edilməsi ilə əlaqədar işlərin aparıldığını bildirib.
Hazırda 150-yə yaxın üzvü olan Sabunçu Rayon Ağsaqqallar Şurasının rayonun bütün qəsəbələrində dayaq məntəqələrinin yaradıldığını qeyd edən natiq təşkilatın Nizamnaməsinə və Əsasnaməyə, həmçinin iş planına uyğun olaraq görülmüş işlər barəsində Respublika Ağsaqqallar Şurasına müvafiq məlumatların verildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Eldar Quliyev ağsaqqalların gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına daha çox töhfə vermələrinin vacibliyini vurğulayaraq, onların rayon və respublika səviyyəli tədbirlərdə yaxından iştirak edərək dövlətçilik tariximiz, böyük Zəfərimizin əldə olunmasında ümumxalq birliyinin əhəmiyyəti, vətənə sevgi, milli-mənəvi dəyərlərə bağlılıq və s. bu kimi mövzular ətrafında söhbətlər aparmalarının, kütləvi informasiya vasitələrində çıxışlar etmələrinin zəruriliyindən bəhs edib.
Çıxışının sonunda Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Sabunçu Rayon Ağsaqqallar Şurasının yeni seçiləcək sədrinə və İdarə Heyətinin üzvlərinə gələcək fəaliyyətlərində uğurlar diləyib.
Konfransda Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov çıxış edərək Rayon Ağsaqqallar Şurasının fəaliyyətini yüksək qiymətləndirib. Ağsaqqalların cəmiyyətdəki mövqeyini xüsusi vurğulayan Güloğlan Məmmədov yetişməkdə olan yeni nəslin tərbiyəsində, cəmiyyətdə əxlaqi dəyərlərin formalaşmasında və ailə institutunun möhkəmləndirilməsində ağsaqqalların mühüm rola malik olduğunu bildirib. O, Sabunçu Rayon Ağsaqqallar Şurasının qarşısında duran vəzifələrdən də söz açaraq, yeni seçiləcək heyətə uğurlar arzulayıb.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova da öz çıxışında ağsaqqalların rayonun ictimai-siyasi həyatındakı fəal iştirakından bəhs edib. Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən komissiyalara, eyni zamanda rayon qəsəbə bələdiyyələrində fəaliyyət göstərən Gender məsələləri və məişət zorakılığına qarşı mübarizəyə dair komissiyalara Sabunçu Rayon Ağsaqqallar Şurası üzvlərinin cəlb olunması ilə bağlı təkliflər irəli sürüb.
Sonda təşkilati məsələlərə baxılıb və səsvermə nəticəsində Sabunçu rayon Zabrat qəsəbə sakini, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Səfərov Vəli Nadir oğlu (Vəli Qaraçaylı) Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri seçilib. Konfransda, həmçinin, səsvermə yolu ilə Sabunçu Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinə yeni üzvlər də seçiliblər.
Sabunçu Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib
- 14-11-2022
- [15:16]
- [ ]
14
Noy