Azərbaycan xalqının, eləcə də bütün türk xalqlarının tarixini, həyat və məişətini, adət-ənənələrini əks etdirən “Dədə Qorqud” dastanında olduqca gözəl və orijinal bir motiv var. El-obada önəmli bir hadisə olduqda ən uca dağların başında tonqallar yandırılardı ki, hamı xəbər tutsun. Uca zirvələr hər yerdən görünür. Onlar aldatmır, şübhə doğurmur, onlar ali həqiqətlər kimi daim insanların gözləri önündə olurlar. Bu uca zirvələr həm də öz istedad və biliyi, şərəf və ləyaqəti, gərgin əməyi, əzmi, çalışqanlığı ilə bir ömür Vətənə, xalqa, bütün insanlığa xidmət edən böyük şəxsiyyətlərdir. Bütün şüurlu ömrünü doğma Azərbaycanın inkişafına, xalqımızın fiziki və mənəvi sağlamlığına, gələcək nəsillərin təlim-tərbiyəsi və elmi-mənəvi yüksəlişinə həsr edən belə şəxsiyyətlərdən biri də bu günlərdə 75 yaşı tamam olan Əhliman Əmiraslanovdur.
Əhliman Əmiraslanov Azərbaycan elminin, mədəniyyətinin intibahı sayıla biləcək bir dövrün, yüksək inkişaf mərhələsinin yetirməsidir. 1969-cu ildə Ulu Öndər Heydər Əliyev Azərbaycan rəhbərliyinə gəldikdən sonra respublika həyatının bütün sahələrində misli görünməmiş inkişaf prosesi başladı. Azərbaycan xalqı nəhəng quruculuq işləri ilə iqtisadi, sosial həyatda böyük nailiyyətlər əldə etdi. Elm-mədəniyyət xadimlərimiz təkcə Sovetlər İttifaqı çərçivəsində deyil, bütün dünyada tanınmağa başladılar. Cəmiyyət həyatının bütün sahələrində bir canlanma, yüksəliş vardı. Eləcə də səhiyyə sahəsində böyük dəyişikliklər baş verir, bütün tibbi istiqamətlər üzrə Sovetlər İttifaqı çərçivəsində əldə edilən ən yüksək standartlar tətbiq olunur, böyük tibb müəssisələri tikilir, şəhər, rayon və kəndlərimizdə xəstəxanalar, poliklinikalar, tibb məntəqələri açılır, müasir biliklərə və təcrübəyə malik həkimlər, tibb personalı hazırlanırdı. Bütün bu şərait, yaradılmış infrastruktur, yüksək əhval-ruhiyyə öz gələcək fədakar qəhrəmanlarını, Azərbaycan tibb elmini təkcə Sovetlər İttifaqında deyil, bütün dünyada şöhrətləndirəcək tibb xadimlərini gözləyirdi. Belə bir tale əzəli Azərbaycan torpağı olan Göyçədə – haqq aşığı Ələsgər yurdunda, Tapdıq kişinin ocağında, müəllim ailəsində tərbiyə almış, orta məktəbi qızıl medalla bitirib Bakıda Tibb İnstitutunda uğurla təhsil alan gənc Əhlimanı da gözləyirdi. Zaman həmin dövr Azərbaycan gəncliyinin inkişafı üçün çox parlaq bir nümunə yetirmişdi. Bu, respublikaya rəhbərlik edən, Azərbaycan xalqını dövrün bütün sınaqlarından keçirib, firavanlıq və inkişaf əzminə doğru irəlilədən, özü də böyük bir fövqəldövlətin – Sovetlər İttifaqının rəhbərliyinə pilə-pillə addımlayan Heydər Əliyev nümunəsi idi. Fəaliyyət sahəsindən, istiqamətindən asılı olmayaraq Vətənə, xalqa xidmət üçün yüksək xəyallar quran bütün gənclər Ümummilli Liderimiz Heydər Əliyevin həyat və fəaliyyətini özləri üçün parlaq gələcək, qalibiyyət, mübarizə, bu xalqın birliyini-diriliyini yaşatmaq əzmi idealına çevirmişdilər.
Bu işıqdan hər kəs bir nur götürmüşdü, hər kəs bir yol müəyyənləşdirmişdi. Gənc Əhlimanın da müəyyənləşdirdiyi yol onu Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra əvvəlcə Bakıda həkim kimi, sonra isə Sovetlər İttifaqının mərkəzi Moskvada elmi işçi, böyük və aparıcı elmi işçi, SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzinin aspirantı kimi fəaliyyət göstərməyə yönəltdi. 1989-cu ildə professor elmi adına layiq görülən Əhliman Əmiraslanov 1992-ci ilə qədər Moskvada onkologiya sahəsində ən yüksək elmi-tibbi mərkəzlərdə müxtəlif vəzifələrdə işləyərək, nəhayət, artıq müstəqilliyə qədəm qoymuş Azərbaycan Respublikasına qayıtdı.
Vətəndə onu yüksək bir missiya gözləyirdi. O, müstəqil Azərbaycan dövlətinin Tibb Universitetinin rektoru vəzifəsinə təyin edildi. 1919-cu ildən ilk Azərbaycan Demokratik Respublikası parlamentinin qərarına əsasən Bakı Dövlət Universitetində tibb fakültəsi kimi yaradılmış və 1930-cu ildə müstəqil Tibb İnstitutuna çevrilmiş bu zəngin ənənələrə malik təhsil ocağında təlim və tədris sistemi Sovetlər İttifaqının dağıldığı, müəyyən əlaqələrin qırıldığı bir vaxtda dövrün tələblərinə, dünya standartlarına müvafiq olaraq yenidən qurulmalı idi. Bu zəruri və nəhəng işin öhdəsindən gələ biləcək elm xadimlərimizin arasında öz yüksək təcrübəsi, təşkilatçılıq qabiliyyəti, ölkə daxilində və eləcə də beynəlxalq aləmdə qazandığı nüfuzu ilə seçilən ən parlaq şəxsiyyət Əhliman Əmiraslanov idi. Ona tapşırılan vəzifə şərəfli olduğu qədər də ağır və məsuliyyətli idi. Böyük bir imperiyanın dağıntıları içində, siyasi-iqtisadi münasibətlərin tamam dəyişdiyi, müharibənin, cəmiyyətdə xaos və hərc-mərcliyin geniş vüsət aldığı bir dövrdə qurub-yaratmaq, bir dövlətin səhiyyə sisteminin əsasını təşkil edən kadrların hazırlanması, xüsusilə nəzəriyyə ilə praktikanın çox bariz üzvi vəhdətini tələb edən bir sahənin təhsil və tədris sistemini yüksək dünya standartlarına uyğun təşkil etmək o qədər də asan məsələ deyildi. Lakin tale bu dəfə də Əhliman Əmiraslanovu və bütün Azərbaycan xalqını həll edilməli olan ağır tarixi vəzifələrin qarşısında çarəsiz qoymadı. Onun gəncliyindən özünə ideal və həyat rəhbəri bildiyi, xalqımızın böyük oğlu Ulu Öndər Heydər Əliyev bu dəfə də Vətənin, dövlətin nicatı, xilaskarı kimi xalqın təkidli tələbi ilə hakimiyyətə gəldi. Onun böyük dühası, uzaqgörən siyasəti, yüksək əzmi, gərgin əməyi ilə tez bir zamanda Azərbaycanda ictimai-siyasi sabitlik, sosial-iqtisadi inkişaf, mədəni yüksəliş baş verdi. Əhliman Əmiraslanov artıq bu böyük liderin rəhbərliyi altında bütün ölkəni əhatə edən yaradıcılıq, quruculuq fonunda öz səmərəli fəaliyyətini həyata keçirə, bilik və təcrübələrini yüksək nəticələr üçün tətbiq edə bilərdi. 1992-ci ildən 2015-ci ilə qədər Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsində çalışmış akademik Əhliman Əmiraslanov bu tədris ocağının fəaliyyətini hazırda dünya elminin və səhiyyəsinin tələb etdiyi yüksək səviyyəyə çatdırıb, Azərbaycan tibb təhsilinin beynəlxalq aləmdə geniş nüfuz qazanmasına nail olub. Onun rəhbərliyi altında bu universitetdə bir sıra islahatlar aparılıb, yeni innovativ layihələr hazırlanıb və həyata keçirilib. MDB ölkələri arasında Rusiya və Ukrayna istisna olmaqla, yalnız Azərbaycan Tibb Universiteti Londonda çapdan çıxan Amerika və Avropa Təhsil Birliyinin Beynəlxalq reyestrinə daxil edilib. 1998-ci ildə Qara Dəniz Hövzəsiətrafı ölkələrin Ali Məktəblər Birliyinin, 2000-ci ildə Beynəlxalq Ali Məktəblər Assosiasiyasının, 2002-ci ildə Avropa Universitetlər Assosiasiyasının tam hüquqlu üzvü seçilib. Bütün bunların nəticəsində hazırda Azərbaycanın bu tibb tədris ocağının diplomları bir çox inkişaf etmiş ölkələrdə qarşılıqlı şəkildə tanınır. Bu gün Azərbaycan həkimləri dünyanın hər yerində nüfuzlu xəstəxanalarda çalışır, təcrübə qazanır, sonra Vətənə qayıdıb vətəndaşlarımıza tibbi xidmət göstərirlər. Artıq ölkəmizdə ən ağır xəstəliklər belə bu yüksək səviyyədə yetişmiş həkimlər tərəfindən uğurla müalicə edilirlər. Bütün bunlar eyni zamanda böyük alim və müəllimin uzaqgörən elm və təhsil siyasətinin, fədakar fəaliyyətinin nəticəsidir.
Akademik Əhliman Əmiraslanov yüksək səviyyəli alim, elm təşkilatçısı və ali təhsil ocağının rəhbəri kimi ölkəmizi beynəlxalq aləmdə çox ləyaqətlə təmsil edib. O, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü olmaqla yanaşı, həmçinin bir çox beynəlxalq cəmiyyət və assosiasiyaların fəxri üzvü, Rusiya Federasiyası Təbiət Elmləri Akademiyasının, Polşa Tibb Akademiyasının, Rusiya Elmlər Akademiyasının, Amerika Klinik Onkologiya cəmiyyətinin həqiqi üzvüdür. Dünyanın bir çox ölkələrində keçirilən qurultay, simpozium, konqres və konfranslarda elmi məruzələrlə çıxış edib, təcrübələrini və elmi yeniliklərini dünya elminin təmsilçiləri ilə bölüşərək, dünya səhiyyə elminin inkişafına öz layiqli töhfəsini verib, həmçinin bu səviyyədə parlaq şəkildə nümayiş etdirdiyi yeniliklərini də səhiyyə praktikasında böyük uğurla tətbiq edib.
Əhliman Əmiraslanovun geniş fəaliyyət dairəsinə malik xalqa, Vətənə, insanlığa xidmətə həsr olunmuş şərəfli ömrünü, zirvə yüksəlişini bir təbrik yazısı çərçivəsinə sığışdırmaq çətindir.
O, alim, ictimai-siyasi xadim, cərrah-onkoloq, tibb-elmləri doktoru, professor, akademik, AMEA-nın Biologiya və Tibb elmləri bölməsinin akademik-katibi, SSRİ Dövlət Mükafatı, Azərbaycan Respublikasının «Şöhrət» və «Şərəf» ordenləri laureatı, habelə Azərbaycan Prezidenti cənab İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə ölkəmizin ictimai-siyasi həyatında uzunmüdətli səmərəli fəaliyyətinə görə təltif olunduğu 1-ci dərəcəli «Vətənə xidmətə görə» ordeni laureatı, Əməkdar elm xadimi, Azərbaycan SSR Ali Sovetinin və Azərbaycan Respublikası Milli Məclisinin IV, V və VI çağırış deputatı, 1992-2015-ci illərdə Azərbaycan Tibb Universitetinin rektoru, ATU Onkologiya kafedrasının müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü, Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının üzvüdür və bu siyahını daha da uzatmaq olar.
Bu böyük alimin, ictimai-siyasi xadimin, cərrah-ankoloqun, professorun adı artıq çoxdan hər bir azərbaycanlının qəlbində, beynində bir elm və şəfqət fədaisi rəmzinə çevrilib. Onun beyninin nuru ilə neçə-neçə tələbə, alim tibb elminin pillələrində yüksəlib, onun insanlığa şərəfli xidmətini davam etdirib. Onun şəfalı əlləri neçə-neçə ağır xəstəni yenidən həyata qaytarıb. Onun qəlbinin genişliyində, qayğı və xeyirxahlığında neçə-neçə vətəndaşın sosial problemləri həll olunub.
Dövlətimizin ona layiq gördüyü ən yüksək mükafatlarla yanaşı Əhliman müəllim öz xeyirxah əməlləri, yüksək humanizmi, təvazökarlığı, fədakar davranışları ilə həm də xalqın böyük sevgi və ehtiramını qazanmışdır. Xalqın yüksək etimadı ilə 3 dəfə Azərbaycan Respublikası Milli Məclisinə üzv seçilmiş dəyərli ictimai-siyasi xadimimiz müstəqil dövlətimizin çox məsuliyyət tələb edən bu quruculuq, yaradıcılıq dövründə, eyni zamanda torpaqlarımızın işğaldan azad olunması üçün azğın düşmənlə ölüm-dirim müharibəsi şəraitində öz fəaliyyətini seçicilərinin gözləntiləri, eləcə də ölkə Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tələbləri doğrultusunda qurmuşdur. Həmçinin Milli Məclisdə Səhiyyə Komitəsinin sədri kimi öz yüksək peşəkar təcrübəsi və yaradıcı potensialı ilə səhiyyəmizin inkişafı və əhaliyə tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində qanunların qəbul edilməsi və təkmilləşdirilməsində onun xüsusi əməyi vardır.
Akademik Əhliman Əmiraslanov öz şərəfli həyat yolu, zəngin təcrübəsi ilə həm də Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini kimi üzərinə düşən vəzifələri böyük bir məsuliyyət və həvəslə yerinə yetirir. O bir tərəfdən milli mentalitetimizin, adət-ənənələrimizin qorunmasını zəruri bilən və öz şəxsi nümunəsi, davranışları ilə bunu parlaq təzahür etdirən, digər tərəfdən isə həyatın inkişafını təmin edən mütərəqqi yeniliklərə daim hazır olan, öz peşə və ictimai fəaliyyətində bunu tətbiq edən həyatsevər, əzmkar bir ictimai-siyasi xadim, el ağsaqqalıdır. Bu fitri xüsusiyyətləri onu xalqla daha da yaxınlaşdırıb, yaşından asılı olmayaraq, bütün nəsillərin nümayəndələri ilə sıx təmas qurmasına, insanların dərin hörmət və məhəbbətini qazanmasına səbəb olub. Bu illər ərzində o, Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini kimi istər məsul olduğu rayonların rəhbərləri, istərsə də bir çox tədbirlərdə geniş xalq kütlələri ilə təmasda olub, dövlətimizin, Prezidentimiz və müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin yeritdiyi uğurlu siyasətin xalqa daha da dərindən çatdırılması, bu siyasətin hərtərəfli dərk olunub dəstəklənməsi üçün canlı söhbətlər aparmış, eyni zamanda əhalinin problem və qayğılarını, duyğu və fikirlərini öyrənərək dövlətimizin lazımı instansiyalarına çatdırmağı özünün mənəvi və vətəndaşlıq borcu bilmişdir.
44 günlük Vətən müharibəsi ərəfəsində və ondan sonra Əhliman müəllim Azərbaycan Ağsaqqallar Şurasının bütün üzvləri kimi gənclərimizin, eləcə də bütün xalqımızın hərbi vətənpərvərlik ruhunda səfərbər olunması və müzəffər Ali Baş Komandanımızın “dəmir yumruğu”nun, hərbi siyasətinin ətrafında sıx birləşməsi naminə gecə-gündüz çalışmış, çağırışçılarla, valideynlərlə, döyüşən əsgərlərimizlə görüşmüş, yaralılarımıza, qazilərimizə baş çəkmiş, onlara hər cür mənəvi və tibbi yardımların verilməsinə nəzarət etmiş, hamını, hər kəsi vahid bir məqsədə – böyük Qələbəyə ruhlandırmışdır.
Hazırda da bu əziz insan gənclərimizin milli-mənəvi tərbiyəsində, qazilərimizin mənəvi-psixolojı bərpasında, yaşlılarımızın həyat təminatının və həyat tərzlərinin yaxşılaşdırılmasında, günlərinin səmərəli keçməsində Azərbaycan Ağsaqqallar Şurasının Nizamnaməsində, proqram və fəaliyyətində nəzərdə tutulan istiqamətlərdə bütün var-gücünü əsirgəmədən əzmlə, fədakarlıqla çalışır.
Əhliman Əmiraslanov bu xalqın övladıdır, bu xalqı çox sevir və bunu öz şərəfli həyat və fəaliyyəti ilə təsdiq edib. Bu xalq, bu dövlət də onu sevir, əməyini qiymətləndirir. O bu xalqdan güc alaraq yetişib, böyüyüb, Azərbaycan tibbinin böyük, bütün dünyadan görünən zirvələrindən biri olub. Bu zirvə yalnız bir şəxsiyyətin ucalığını ifadə edən zirvə deyil. O böyüdükcə, ucaldıqca özü ilə bərabər həm də Vətənimizin, dədə-baba torpaqlarımızın – Qərbi Azərbaycanın, Göyçənin adını ucaldır, bu qədim, ulu torpağın Azərbaycana mənsubluğunu bir daha təsdiq edir. Şəxsiyyətlərimiz ucaldıqca Vətənimiz də ucalır, bizim haqqımızda, soyumuz-kökümüz, dünənimiz, ana torpaqlarımız haqqında həqiqəti dünyada daha çox adam bilir. Öz soyunu-kökünü, elini-obasını, Vətənini – Azərbaycanı zirvə ucalığına çatdıran görkəmli alim və dəyərli şəxsiyyət – müdriklik və şəfqət zirvəsi Əhliman Əmiraslanovu 75 illik yubileyi və ölkəmizin ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif olunması münasibətilə öz adımdan və respublikanın bütün ağsaqqalları adından ürəkdən təbrik edir, ona uzun və sağlam ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
Eldar QULİYEV,
Azərbaycan Ağsaqqallar Şurasının sədri,
Milli Məclisin Hesablayıcı komissiyasının
sədri, professor