Xəbərlər

Nərimanov Rayon Ağsaqqallar Şurasında Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi qeyd olunub

24 noyabr 2022-ci il tarixdə Nərimanov Rayon Ağsaqqallar Şurasında Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibəti ilə tədbir keçirilib.

Tədbirdə Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri, Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun atası Arif Hümbətov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf  Novruzov, Vətən Müharibəsi Qəhrəmanı Zaur Quliyev, Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Təşkilatının sədr müavini Anar Abbasov, Nərimanov Rayon Ağsaqqallar Şurasının fəal üzvləri və gənclər iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə natiqlər çıxışlarında vurğulayıblar ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti sayəsində yaradılan YAP zəngin və şərəfli inkişaf yolu keçib. Bu gün Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə partiya  yeni-yeni nailiyyətlərə imza atıb, bu uğurların zirvəsində tarixi Zəfərimiz dayanır.

Natiqlər ulu öndər Heydər Əliyev ideyaları əsasında və dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən YAP-ın bundan sonra da tarixi uğurlar və inamlı qələbələr qazanacağını söyləyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.