Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Madər Musayevin 75 yaşı tamam olur və o, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizin ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Bu münasibətlə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri Madər Musayevə təbrik ünvanlayıblar:
Hörmətli Madər müəllim!
Sizi – şərəfli və məhsuldar ömür yoluna, mənəvi saflığa və vətəndaş böyüklüyünə sahib olan nüfuzlu şəxsiyyəti, vətənpərvər ictimai-siyasi xadimi 75 İllik Yubileyiniz və ölkəmizin ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinizə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmağınız münasibətilə ürəkdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycanımızın yüksəlişi naminə çoxşaxəli və məsuliyyətli fəaliyyətinizdə uğurlar arzulayırıq!
Siz qəlbi dövlətinə, millətinə, elinə-obasına sevgi ilə yoğrulan, hər zaman yaxşılığın keşiyində dayanan ləyaqətli, yüksək mənəviyyata malik bir ictimai-siyasi xadim, xeyriyyəçiliyi, savab əməlləri, xoş məramlı işləri ilə insanların hörmət və sevgisini qazanan müdrik bir ağsaqqalsınız. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin uğurlu və qətiyyətli siyasətini hər zaman dəstəkləyərək, işgüzar bir millət vəkili kimi ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında yaxından iştirakınızla xalqımıza böyük xidmətlər göstərirsiniz. Bəşəri və milli-mənəvi dəyərlərimizə, dinimizə çox bağlı bir şəxs olaraq müqəddəs Qurani-Kərimin təbliğ etdiyi haqq, ədalət və xeyirxah əməllər atdığınız hər addımda öz əksini tapmışdır. Xalq arasında Hacı Madər kimi böyük nüfuz qazanmağınız da bunun bariz nümunəsidir.
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü kimi hazırda cəmiyyətimizin, o cümlədən gənc nəslin vətənpərvərlik və mənəvi dəyərlərə bağlılıq ruhunda tərbiyəsi işinə xüsusi diqqət yetirir, doğma Vətənimizin inkişafı üçün yorulmadan səylər göstərirsiniz. Təsadüfi deyil ki, bu çətin, lakin şərəfli fəaliyyətiniz dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilmiş, Siz “Şöhrət”, “Şərəf” və 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilmisiniz.
Hörmətli Madər müəllim!
Bu xoş fürsətdən istifadə edərək bir daha Sizi 75 İllik Yubileyiniz və 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmağınız münasibətilə səmimi-qəlbdən təbrik edir və əmin olduğumuzu bildiririk ki, ölkəmizin işıqlı gələcəyi naminə bundan sonra da var qüvvənizlə çalışacaq, potensial imkanlarınızı, bilik və bacarığınızı əsirgəməyəcəksiniz!
Dərin hörmət və səmimiyyətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri,
millət vəkili, professor Eldar Quliyev
26 noyabr 2022-ci il