Xəbərlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistanda səfərdə olub

Dekabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə iştirak etmək üçün Türkmənbaşı şəhərinə səfər edib.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov və digər rəsmi şəxslər qarşılayıblar.
Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub. Səmimi şəraitdə keçən görüşdə dost və qardaş ölkələr – Türkmənistan, Azərbaycan və Türkiyə arasında ilk dəfə Zirvə Görüşünün keçirilməsindən və bu Zirvə Görüşünün ölkələr arasında münasibətlərin inkişafında mühüm rol oynayacağından söz açıblar.
Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla da görüşü olub. Dövlət başçılarının görüşündə tarix və dil baxımından ümumi köklərə malik olan üç qardaş xalqın əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun məhdud və geniş tərkibdə görüşləri keçirilib.
Görüşdə dövlət başçısı İlham Əliyev Azərbaycan, Türkiyə və Türkmənistanı bir-biri ilə etnik, dini-mədəni köklərin və ortaq mənəvi dəyərlərin sıx bağladığını qeyd edərək vurğulayıb ki, biz haqlı olaraq xalqlarımızın zəngin tarixi-mədəni irsi və bəşər sivilizasiyasına verdiyi böyük töhfələri ilə qürur duyuruq. Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev Türkiyə ilə imzalanan Şuşa Bəyannaməsinin münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə çatdırdığını, həmçinin 2017-ci ildə ölkəmiz ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalandığını bildirib. Əlavə edib ki, ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində də bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edirlər. Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatında görüşün önəmini vurğulayan dövlət başçısı İlham Əliyev ümid etdiyini bildirib ki, belə görüşlər bundan sonra da müntəzəm olaraq keçiriləcək və qardaş ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etməsinə böyük töhfə verəcəkdir.
Prezidentlər İlham Əliyevin, Rəcəb Tayyib Ərdoğanın və Sərdar Berdiməhəmmədovun geniş tərkibdə görüşündən sonra Azərbaycan-Türkiyə-Türkmənistan arasında sənədlər imzalanıb.
Əvvəlcə Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə Görüşünün Birgə Bəyanatı qəbul edilib.
Sonra hər üç ölkənin rəsmi şəxsləri tərəfindən “Ticari-iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası Saziş”, “2023-2025-ci illər üzrə elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair hökumətlərarası Çərçivə Proqramı”, “Gömrük əməkdaşlığına dair Birgə məşvərət komissiyasının yaradılması haqqında qarşılıqlı anlaşmaya dair Hökumətlərarası Memorandum”, “Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum” və “Nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum” imzalanıb.
Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub. Görüşdə ikitərəfli dostluq və qardaşlıq münasibətlərimizin bu il də bütün sahələrdə daha da genişləndiyi vurğulanıb. Birgə keçirilmiş hərbi təlimlərin müvəffəqiyyətlə başa çatdırıldığı qeyd olunub. Siyasi, hərbi, iqtisadi, nəqliyyat, energetika, müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlığımızın bu il də uğurla davam etdirildiyi bildirilib. Həmçinin görüşdə əlaqələrimizin perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü çərçivəsində Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədrinin xanımı Oqulgerek Berdiməhəmmədova, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan təsviri və dekorativ sənət əsərlərindən ibarət sərgilərlə tanış olublar.
Dekabrın 14-də Türkmənbaşı şəhərində Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi nahar verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.