Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. Görüşdə Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov, Şuranın sədr müavini, professor Vahid Novruzov, təşkilatın İdarə Heyətinin üzvü, professor Misir Mərdanov və Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski də iştirak edib.
Görüşdə maraqlı və geniş nitq söyləyən dövlət başçısı cənab İlham Əliyev vurğulayıb ki, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər, tarixi xəritələr və bizim tariximiz təsdiqləyir. “Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb” – deyə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev əlavə edib.
Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov və İdarə Heyətinin üzvü, professor Misir Mərdanov da görüşdə çıxış edərək, Qərbi Azərbaycan İcmasının yaradılması və aktiv fəaliyyəti üçün təşkilata göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər. Vurğulayıblar ki, İcmanın, cənab Prezidentin də öz çıxışında qeyd etdiyi kimi, ən ümdə amalı tarixi Qərbi Azərbaycan torpaqları olan Göyçəyə, İrəvana qayıtmaqdır.
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri dövlət başçısı cənab İlham Əliyevlə görüşdə iştirak ediblər
- 26-12-2022
- [10:15]
- [ ]

26
Dek