Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının rəhbərliyi yubiley tədbirində iştirak edib

Yanvarın 25-də Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin 20 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Cəmiyyətin üzvləri, o cümlədən Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev, sədrin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov, sədr müavini, millət vəkili, Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin sədri, professor Eldar İbrahimov, həmçinin Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri, millət vəkilləri – akademik Ziyad Səmədzadə, Ağalar Vəliyev, Aparat rəhbəri Ramin Həsənli, Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov, millət vəkilləri – akademik Nizami Cəfərov, Məlahət İbrahimqızı, akademik Kamal Abdulla və başqaları iştirak ediblər.

Tədbirdə Cəmiyyətin gördüyü işlər barəsində məlumat verən Eldar İbrahimov bildirib ki, Ulu Öndər Heydər Əliyevin tövsiyəsi ilə yaradılmış təşkilatın fəaliyyət dövrü ərzində əsas məqsədi Azərbaycan və Özbəkistan arasında mövcud olan dostluq əlaqələrinin daha da inkişaf etdirilməsi olub. Cəmiyyətin üzvləri arasında azərbaycanlı və özbək ictimai-siyasi və elm xadimlərinin, millət vəkillərinin və digər ziyalıların yer aldığını qeyd edən natiqin sözlərinə görə, təşkilat yalnız mədəni tədbirlər keçirməklə kifayətlənməyərək, qardaş ölkələrin həyatında baş verən hadisələrə də öz münasibətini bildirib. Təşkilatın gələcək planlarından bəhs edən Eldar İbrahimov, həmçinin, Cəmiyyətimizin üzvlərini 20 illik yubiley münasibəti ilə təbrik edib və vurğulayıb ki, bundan sonra da Azərbaycan və Özbəkistan xalqları arasındakı sarsılmaz dostluq əlaqələrinin daha da möhkəmlənməsi və inkişafı yolunda əlimizdən gələni əsrigəməyəcəyik.
Tədbirdə çıxış edən Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov, akademiklər – Nizami Cəfərov, Kamal Abdulla və başqaları qeyd ediblər ki, Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyəti ötən 20 il ərzində nüfuzlu ictimai bir qurum kimi iki dost və qardaş ölkə arasındakı münasibətlərə öz layiqli töhfəsini verib. Keçirilən tədbir də iki qardaş xalqın həyatında mühüm hadisədir və Azərbaycanla Özbəkistan arasındakı ikitərəfli əlaqələrin inkişafina yeni impuls verir.
Tədbir çıxışlarla davam edib. Daha sonra Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin İdarə Heyətinin üzvləri təsdiqlənib.
Qeyd edək ki, Milli Məclisin deputatı Eldar İbrahimov İdarə Heyətinin sədri, Özbəkistanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov və Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla cəmiyyətin həmsədri olub. Zemfira Kadırova icraçı direktor, Milli Məclisin deputatları Əhliman Əmiraslanov, Eldar Quliyev, Ziyad Səmədzadə, Nizami Cəfərov, Ziyafət Əsgərov, Musa Quliyev, Ağalar Vəliyev, Cavanşir Paşazadə, Elman Nəsirov, Hikmət Məmmədov, Sabir Bəhramov, Elçin Kadırov, Kənan Cəlilov, Hasan Movlyanov, Şirin Məlikov, Xanlar Əhmədov, Rafiq Kaşanlı, Nuridə Novruzova İdarə Heyətinin üzvləri seçiliblər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.