Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun 60 yaşı tamam olub. Bu münasibətlə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri Bayram müəllimə təbrik ünvanlayıblar:
Hörmətli Bayram müəllim!
Sizi – Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini kimi uzun illərdir səmərəli fəaliyyət göstərən ictimai xadimi, uğurlu iş adamını, incə qəlbli yaradıcı insanı, Vətənə, dövlətə, xalqa sarsılmaz sədaqəti ilə nüfuz qazanan dəyərli şəxsiyyəti 60 İllik Yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə uca Allahdan uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, yeni-yeni uğurlar və layiq olduğunuz xoşbəxtliyin daimi olmasını arzu edirik!
Siz təkəbbürdən uzaq, sadə və səmimi insan, gözəl təşkilatçı, alicənablığınız ilə hər kəsin rəğbətini qazanan ziyalı şəxsiyyətsiniz. Doğma Azərbaycanımıza yaxşı əməllərlə xidmət edərək cəmiyyətə daim fayda verməyə çalışır, təmasda olduğunuz hər kəsə pozitiv təsir göstərməkdən yorulmursunuz. Fəaliyyətiniz boyunca həmişə əsl vətəndaş mövqeyində duraraq Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətinə hər zaman sadiq qalmısınız, xalqımızın, dövlətimizin taleyi Sizin üçün daim ön planda olmuşdur.
Sizin şərəfli və məhsuldar ömür yolunuz, mənəvi saflığınız və vətəndaş böyüklüyünüz gənc nəsil üçün bir nümunə məktəbidir. Bu gün də Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini kimi Vətənimizin inkişafı üçün yorulmadan səylər göstərir, ölkəmizin müstəqilliyi və tərəqqisi uğrunda vətənpərvər mübarizlərin yetişməsində böyük rol oynayırsınız. Ömrünüzün bu kamillik çağında bütün varlığınızla və ruhunuzla, daxildən gələn tükənməz enerji ilə çalışır, qarşıya qoyduğunuz saf və ali məqsədlərə çatmaq üçün hər cür zəhmətə qatlaşırsınız.
Hörmətli Bayram müəllim!
Bir daha Sizi bu xoş gününüz – əlamətdar Yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə Azərbaycan xalqının və dövlətinin xoş gələcəyi naminə səmərəli və əzmkar fəaliyyətinizdə yüksək nailiyyətlər diləyirik!
Dərin hörmət və səmimiyyətlə,
Azərbaycan Ağsaqqallar Şurasının
İdarə Heyətinin üzvləri adından Şuranın sədri,
millət vəkili, professor Eldar QULİYEV