Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasında Soyqırımı Gününə həsr olunmuş iclas keçirilib

Bu  gün  Azərbaycan Ağsaqqallar Şurasında “31 mart – Azərbaycanlıların Soyqırımı Günü”nə  həsr olunmuş iclas keçirilib.

İclasda Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev, Şura sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov, sədr müavinləri –  professor Elmira Süleymanova, Bayram Yusifov, professor Vahid Novruzov, İdarə Heyətinin üzvü Nəriman Həmidov, Şuranın  Aparat rəhbəri Ramin Həsənli, böyük məsləhətçi-hüquqşünas Kamal Əliyev, məsləhətçi Zahid Abbasov və digər aparat əməkdaşları, həmçinin rayon sədrləri iştirak ediblər.

Tədbir soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.  Daha sonra çıxış edən Eldar Quliyev 105 il qabaq, 1918-ci ilin 31 mart tarixində və digər dövrlərdə mənfur qonşularımız ermənilərin Azərbaycan xalqına, xüsusilə də dinc insanlara – qadın, uşaq və yaşlılara qarşı törətdikləri vəhşiliklərdən danışıb. Bakı şəhərində, həmçinin Quba, Şamaxı, Xaçmaz, Lənkəran, Zəngəzur, Qarabağ və digər rayonlarımızda  erməni silahlı dəstələri tərəfindən minlərlə azərbaycanlının amansızlıqla qətlə yetirilməsindən söz açıb. Ümummilli Liderimiz Heydər Əliyevin 26 mart 1998-ci il tarixində 31 martın Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə imzaladığı  Sərəncamın əhəmiyyətindən bəhs edərək hazırda dövlət başçısı cənab İlham Əliyev tərəfindən bu məsələyə xüsusi diqqət ayrıldığını qeyd edib. Vurğulayıb ki, 44 günlük Vətən müharibəsində, hərb sahəsində  böyük Qələbə qazanan müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev siyasi səhnədə də ermənilərin layiqli cavabını verərək, onların xalqımıza qarşı törətdikləri cinayətləri bütün dünyaya yayır, bədxah qonşularımızın üç üzünü ifşa edir. Eldar Quliyev, həmçinin, bildirib ki, biz ağsaqqallar da gənclərimizi bu tarixi həqiqətlər barədə daha çox maarifləndirmək üçün əlimizdən gələni əsirgəməməli, bunu gələcək nəslə ötürməliyik.

Əhliman Əmiraslanov da öz çıxışında bu faciə, bu soyqırımı nəticəsində minlərlə günahsız insanın vəhşicəsinə qətlə yetirilməsindən, milli, mədəni, mənəvi irsimizin dağıdılmasından, talan edilməsindən danışıb. Ermənilərin bizim unutqan, ürəyiyumşaq xalq olmağımızdan istifadə edərək müxtəlif dövrlərdə dəfələrlə bu cür qətliamlar həyata keçirdiyini təəssüflə qeyd edərək bildirib ki, biz tarixdən nəticə çıxarmalıyıq. O, həmçinin rəhbərliyində təmsil olunduğu Qərbi Azərbaycan İcmasının fəaliyyətinə də toxunaraq təşkilat tərəfindən dədə-baba torpaqlarımıza, Qərbi Azərbaycana Qayıdış konsepsiyasının hazırlanmasından, bu sənədin BMT-yə göndərilməsindən və bu sahədə  görülən digər əhəmiyyətli işlərdən bəhs edib.

Daha sonra çıxış edən Vahid Novruzov, Elmira Süleymanova, Bayram Yusifov və digər natiqlər ermənilərin ötən əsrin əvvəllərindən başlayaraq tarixi Azərbaycan torpaqlarında törədikləri soyqırımlardan,  qırğınlardan, faciələrdən ətraflı bəhs ediblər. Bildiriblər ki, 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komadanımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz möhtəşəm  Qələbə qazanaraq torpaqlarımızı işğaldan azad etmiş, şəhidlərimizin,  soyqırım qurbanlarının qanını yerdə qoymamışlar. Lakin buna baxmayaraq, tarix boyu Azərbaycan xalqına qarşı törədilən bütün faciələri, o cümlədən 31 mart soyqırımını heç zaman unutmamalı və cəmiyyətimizə, xüsusilə də gənclərimizə  unutdurmamalıyıq. Mənfur və çox məkrli düşmənimizə qarşı mübarizə əzmimizi daha da artırmalı, hər zaman dövlətimizin və dövlətimizin başçısı cənab İlham Əliyevin ətrafında daha sıx birləşməliyik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.