Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev təşkilatın üzvlərinin təltif olunması ilə bağlı əmr imzalayıb.
Azərbaycan Ağsaqqallar Şurasında səmərəli fəaliyyətləri və xidmətləri ilə fərqlənən təşkilat üzvləri – Şuranın İdarə Heyətinin üzvü, Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik Şükür Həmidovun atası Nəriman Həmidov 90 illik yubileyi münasibətilə “Fəxri Ağsaqqal” döş nişanı ilə, Kəlbəcər Rayon Ağsaqqallar Şurasının sədri Vəliyəddin İsmayılov 80 illik yubileyi, Abşeron Rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev isə 75 illik yubileyi münasibətilə Fəxri fərmanlarla ilə təltif ediliblər.
Azərbaycan Ağsaqqallar Şurasının inzibati binasında keçirilən təltifetmə mərasimində Şuranın sədri, millət vəkili, professor Eldar Quliyev, sədrin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov, sədr müavinləri – professor Elmira Süleymanova, Bayram Yusifov, professor Vahid Novruzov, Şuranın Aparat rəhbəri Ramin Həsənli, böyük məsləhətçi-hüquqşünas Kamal Əliyev və başqaları iştirak ediblər.
Yubilyarları təltif edən Eldar Quliyev və digər tədbir iştirakçıları mükafatlandırılan Şura üzvlərini təbrik edərək, onların təşkilatdakı xidmətlərini yüksək qiymətləndiriblər və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Təltif olunan təşkilat üzvləri onlara göstərilən bu diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər və Azərbaycan Ağsaqqallar Şurasının gələcək fəaliyyətində daha yaxından iştirak edərək bilik və bacarıqlarını əsirgəməyəcəklərini vurğulayıblar.
Sonda xatirə şəkli çəkdirilib.