4 aprel Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günüdür. Bununla əlaqədar olaraq, Azərbaycan Ağsaqqallar Şurası Ermənistanın ölkəmizə qarşı apardığı mina terroruna qarşı növbəti dəfə öz etirazını bildirərək, Bəyanat qəbul edib. Bəyanatda deyilir:
“Artıq 2 ildən çoxdur ki, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızı işğaldan azad edib. Hazırda bu bölgələrdə bərpa-quruculuq işlərinin geniş vüsətlə aparılması, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdaraq orada məskunlaşması üçün Azərbaycan Ermənistanın növbəti terroruna qarşı mübarizə aparır – həmin ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsini həyata keçirir.
Doğma torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan mənfur qonşumuz Ermənistan şəhər və kəndlərimizi dağıtmaqla, qarət etməklə yanaşı, həm də ərazilərimizi kütləvi şəkildə minalarla çirkləndirib, Azərbaycanı mina terroru ilə qarşı-qarşıya qoyub. Vətəndaşlarımız, demək olar ki, hər gün mina qurbanına çevrilir, öz sağlamlıqlarını, həyatlarını itirirlər. Təəssüf ki, Vətən müharibəsindən keçən dövr ərzində 300-ə yaxın vətəndaşımız minaya düşüb və onlardan 50 nəfəri həlak olub. Bu, bir daha onu göstərir ki, Ermənistanın 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata, eyni zamanda müvafiq beynəlxalq konvensiyalara zidd olan bu terror əməlləri hərbi cinayət olmaqla yanaşı, həm də beynəlxalq hüquq baxımından insanlığa qarşı yönəlmiş bağışlanılmaz bir cinayətdir.
Ermənistan tərəfindən riyakarlıqla Azərbaycana qeyri-dəqiq mina xəritələrinin təqdim edilməsi, həmçinin düşmən tapdağından azad edilmiş torpaqlarımızda 2021-ci ildə istehsal olunmuş minaların tapılaraq zərərsizləşdirilməsi bədxah Ermənistanın mina terrorunu hələ də davam etdirməsinin bariz göstəricisidir. Həyata keçirilən bir sıra tədbirlər, o cümlədən eko-fəallarımızın, QHT təmsilçilərinin və könüllülərin Laçın-Xankəndi yolundakı aksiyası eyni zamanda ermənilərin işğaldan azad edilmiş ərazilərimizə mina və hərbi sursatların daşınmasının qarşısını alaraq, bu terror əməllərinə müəyyən qədər mane olsa da, bədxah ermənilər öz çirkin niyyətlərindən əl çəkmirlər.
Biz, hər zaman dövlətimizi, dövlətçiliyimizi, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevi dəstəkləyən, onun ətrafında sıx birləşən, daim xalqımızın yanında olan bir təşkilat – Azərbaycan Ağsaqqallar Şurası olaraq Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günündə bir daha bütün beynəlxalq qurumlara, ədalətli, demokratik dövlətlərə, dilinindən, dinindən asılı olmayaraq insanlıq hissini itirməyən hər bir kəsə müracət edərək, onları ermənilərin ölkəmizə qarşı apardığı bu növbəti cinayətə – mina terroruna qarşı “Yox!” deməyə çağırırıq.”
Azərbaycan Ağsaqqallar Şurasının Bəyanatı
- 04-04-2023
- [13:53]
- [ ]

04
Apr