Xəbərlər

Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruzəli Aslanov Azərbaycan Ağsaqqallar Şurası tərəfindən təltif edilib

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruzəli Aslanovun təltif edilməsi barədə əmr imzalayıb.

Novruzəli Aslanovun rəhbərliyi altında uzun müddətdir səmərəli fəaliyyət göstərən, respublikamızda ən böyük sosial bazaya malik qeyri-hökumət təşkilatlarından biri olan Qızıl Aypara Cəmiyyəti hər zaman xeyirxahlıq, mərhəmət və humanizm prinsiplərinə sadiq qalaraq əhalinin aztəminatlı təbəqəsinə, münaqişə, təbii və texnogen fəlakətlər zamanı zərərçəkmişlərə, qaçqın və məcburi köçkünlərə, o cümlədən qaygıya ehtiyacı olan insanlara təmənnasız tibbi-sosial, humanitar yardım və digər zəruri xidmətlər göstərir. Bu günlərdə 60 yaşı tamam olan millət vəkili Novruzəli Aslanov, həmçinin, ədəbi və elmi-kütləvi kitabların müəllifi olaraq yaradıcılığını ictimai-siyasi fəaliyyəti ilə ahəngdar şəkildə birləşdirməklə bir çox sahələrdə ölkəmizin inkişafına, gənclərimizin maariflənməsinə, onlarda vətənpərvərlik ruhunun daha da yüksəlməsinə layiqli töhfələr verir. Azərbaycan Ağsaqqallar Şurası tərəfindən Novruzəli Aslanov Vətənə, xalqa, dövlətə sədaqətli və səmərəli xidmətlərinə, habelə cəmiyyətimizin, xüsusilə gənclərimizin inkişafı üçün həyata keçirdiyi yorulmaz fəaliyyətinə görə və 60 illik yubileyi münasibətilə Şuranın “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif edilib.
Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli Qızıl Aypara Cəmiyyətinin ofisində Novruzəli Aslanovu Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvləri adından təbrik edərək, yubilyara “Fəxri Ağsaqqal” döş nişanını təqdim edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruzəli Aslanov Azərbaycan Ağsaqqallar Şurasının tərəfindən ona göstərilən bu yüksək etimada görə öz minnətdarlığını bildirərək vurğulayıb ki, bu diqqət və qayğı onu gələcəkdə doğma Azərbaycanımız naminə daha böyük işlərə ruhlandırır.
Novruzəli Aslanov yeni nəşr olunmuş kitabını Azərbaycan Ağsaqqallar Şurasına hədiyyə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.