Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun – qəhrəman əsgər və zabitlərimizin 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. 8 noyabr tarixində xalqımız 30 ildən çox davam edən Ermənistanın hərbi təcavüzünün qarşısını alan, əzəli-əbədi torpaqlarımızı düşmən tapdağından azad edən, öz doğma yurdlarından didərgin düşmüş yüzminlərlə məcburi köçkünlərimizin haqqını, hüququnu bərpa edən, regionda sülh və əmin-amanlıq yaradan şanlı Zəfərimizin dördüncü ildönümünü qeyd edəcəkdir.
İki əsrə yaxın davam edən erməni işğalına və etnik təmizləmə siyasətinə son qoyan, hərb meydanında olduğu kimi, diplomatiya mübarizəsində də qələbə qazanan qətiyyətli və yenilməz Sərkərdənin, müdrik və uzaqgörən Liderin – möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə hazırda Qarabağımız, Şərqi Zəngəzurumuz yeni inkişaf mərhələsinə qədəm qoyur. Azadlığına qovuşan doğma torpaqlarımız nura qərq olur. İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı quruculuq və inkişaf prosesi gerçəkləşir, məcburi köçkünlərimiz doğma yurd-yuvalarına qayıdırlar, Ermənistan tərəfindən tamamilə dağıdılmış, məhv edilmiş həyat yenidən canlanır. Qazanılan möhtəşəm Zəfər və yalnız Qarabağda deyil, bu gün ölkəmizin hər bir bölgəsində davam edən dinamik tərəqqi prosesi Azərbaycanın qüdrətinin göstəricisidir. Ölkəmizin iqtisadi, siyasi, hərbi gücü, beynəlxalq aləmdəki, Türk dünyasındakı yüksək mövqeyi, xalqımızın qəhrəmanlıq salnaməsi, şanlı Qələbə, eləcə də bu günlərdə Bakıda möhtəşəm bir tədbirin – BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nümayiş etdirdiyi uğurlu diplomatiyanın, güclü siyasi iradənin və yüksək nüfuzun sübutudur.
Tam suveren Azərbaycan dövlətinin və xalqının qüdrət rəmzinə çevrilən tarixi, möhtəşəm 8 noyabr – Zəfər Günündə müstəqilliyimiz, ərazi bütövlüyümüz, xoşbəxt gələcəyimiz uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, uca Allahdan onlara rəhmət diləyir, igid qazilərimizə sonsuz minnətdarlığımızı bildiririk!
Azərbaycan Ağsaqqallar Şurasının çoxminli üzvləri adından milli qürurumuzun təntənəsi olan 8 noyabr – Zəfər Günü, 44 günlük Vətən müharibəsində əldə edilən şanlı Qələbənin dördüncü ildönümü münasibətilə möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev başda olmaqla qalib Azərbaycan xalqını ürəkdən təbrik edir, doğma Vətənimizə daim rifah, sülh, əmin-amanlıq və inkişaf arzulayırıq!
Bu əlamətdar Zəfər Günü ərəfəsində təəssüf hissi ilə də olsa qeyd etməliyik ki, Azərbaycanı sevməyən müəyyən qüvvələr, eləcə də bizə qarşı soyuq müharibə aparan Fransa kimi bəzi ölkələr və onların diktəsi ilə hərəkət edən təşkilatlar öz mənfur niyyətlərindən əl çəkmir, münaqişənin bitməsi ilə regionda yaranan yeni reallıqları, inkişafı, sülh və əmin-amanlıq şəraitini qəbul etmirlər. Azərbaycan Ağsaqqallar Şurası hər zaman dövlətimizi, xalqımızı, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevi dəstəkləyən, onun ətrafında sıx birləşən bir təşkilat kimi bir daha antiazərbaycan qüvvələrə çağırış edərək onların Ermənistanı silahlandırmalarına və orada revanşizmi dəstəkləmələrinə qarşı etirazını bildirir və bu məkrli siyasətə son qoymağı tələb edir. Qalib Azərbaycan xalqı və dövləti 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin uğurlarını qorumaq, ölkəmizə yönəlmiş düşmən münasibətin qarşısını almaq üçün bundan sonra da bütün zəruri tədbirləri həyata keçirəcəkdir.
(Bəyanat Azərbaycan Ağsaqqallar Şurasının 2024-cü il 6 noyabr tarixli iclasında qəbul edilmişdir)