Xəbərlər

Nərimanov Rayon Ağsaqqallar Şurasının üzvləri səhiyyə işçiləri ilə görüşlər keçiriblər

Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatları Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar görüş və tədbirlərini davam etdirirlər. Bu günlərdə Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri,Vətən Müharibəsi Qəhrəmanı, şəhid Baş leytenant Azad Hümbətovun atası Arif Hümbətov və təşkilatın İdarə Heyətinin üzvləri Nərimanov Tibb Mərkəzində və Uşaq Psixonevroloji Mərkəzində görüşlər keçiriblər. Arif müəllim şəhid ailələrinə, qazilərə göstərdikləri diqqət və qayğıya görə Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədovu və tibb müəssisəsinin bir neçə həkimini, həmçinin Uşaq Psixonevroloji Mərkəzinin şəhid ailələri, qazilər və müharibə veteranlarının övladlarının müalicə və reabilitasiyasında xüsusi fərqlənmiş bir qrup əməkdaşını Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin adından Fəxri diplomlarla təltif edib.

Görüşlər zamanı Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Baş leytenant Azad Hümbətovun atası Arif Hümbətov bildirib ki, müstəqil dövlətimizin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Tədbirlər planına uyğun olaraq Azərbaycan Ağsaqqallar Şurası, o cümlədən Nərimanov rayon təşkilatı bu sahədə müvafiq fəaliyyətini davam etdirir. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən inkişaf prosesindən bəhs edən natiq öz çıxışında səhiyyə sahəsində hər zaman şəhid ailələrinə, qazilərə diqqət və qayğının prioritet məsələ kimi birinci yerdə durduğunu xüsusi vurğulayaraq, hər iki tibb müəssisəsinin rəhbərliyinə və həkim heyətinə təşəkkür edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.