Əziz həmvətənlər!
28 May – Müstəqillik Günü münasibətilə Sizi ürəkdən təbrik edir və hər birinizə ən səmimi arzularımızı çatdırırıq!
1918-ci il may ayının 28-də Türk və İslam dünyasında, müsəlman Şərqində ilk demokratik respublika olaraq yaradılan və bu il 105-ci idönümünü qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti (AXC) mövcud olduğu qısa, lakin şərəfli dövr ərzində böyük inkişaf yolu keçərək müstəqillik tariximizin başlanğıcı kimi ölkəmizin dövlətçilk salnaməsini mühüm nailiyyətlərlə zənginləşdirmişdir. Dünyəvi dəyərlərə əsaslanan müstəqil, demokratik respublikamızın fəaliyyət göstərdiyi qısa müddətdə milli ordumuz yaradılmış, Azərbaycan bayrağı və vətəndaşlığı təsis edilmiş, Azərbaycan dili dövlət dili elan olunmuş, ölkəmizdə demokratik hüquq və azadlıqlar bərqərar edilmiş, o dövr üçün inkişaf etmiş bir sıra ölkələrdən əvvəl qadınlara seçki hüququ verilmiş və digər bir çox əhəmiyyətli işlər həyata keçirilmişdir. Təəssüflər olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. 23 aydan sonra erməni daşnaklarının dəstəyi ilə bolşeviklərin silahlı müdaxiləsi nəticəsində AXC süqut etdi.
90-cı illərin əvvəllərində öz müstəqilliyimizi yenidən elan etsək də, ölkəmizdə yaşanan xaos, hərc-mərclik və idarəçilik böhranı Azərbaycanı müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoyduğu üçün xalqımızın təkidli çağırışı ilə Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdı. Vətənimiz öz xilaskarının – Ümummilli Liderimiz Heydər Əliyevin sayəsində yeni inkişaf mərhələsinə qədəm qoydu və müstəqilliyimizin əbədiliyi Ulu Öndərin adıyla tariximizə qızıl hərflərlə yazıldı.
Ümummilli Lider Heydər Əliyevin müstəqilliyimizin qorunmasında və möhkəmləndirilməsində həyata keçirdiyi uğurlu fəaliyyəti hazırda onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yüksək nailiyyətlərlə davam etdirir. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə ölkəmiz iqtisadi, siyasi, sosial və hərbi sahələrdə böyük uğurlar əldə edərək regionun lider dövlətinə çevrilib. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin başçılığı altında şanlı Ordumuzun qəhrəman əsgər və zabitləri 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzün təmin edilməsi, müstəqil dövlətçiliyimizin qorunması uğrunda mübarizə apararaq əbədi və əzəli torpaqlarımızı düşmən tapdağından azad etmişlər və bu gün həmin ərazilərdə möhtəşəm quruculuq işləri gedir. Biz artıq bir neçə ildir ki, Müstəqillik Günümüzün ildönümlərini ərazi bütövlüyünü, tarixi ədaləti təmin etmiş qalib, məğrur xalq kimi böyük fəxrlə qeyd edirik.
Dəyərli həmvətənlər!
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla bütün vətəndaşlarımızı bir daha bu əlamətdar tarixi gün – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə xalqımızın və dövlətimizin əbədi müstəqilliyi, tərəqqisi və əmin-amanlığı naminə gördüyünüz işlərdə yeni-yeni uğurlar, möhkəm cansağlığı diləyir və fikrimizi möhtərəm Prezidentimizin bu tarixi sözləri ilə bitirmək istəyirik: “Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır! Yaşasın güclü, müstəqil Azərbaycan!”
Hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının
üzvləri adından Şuranın sədri,
millət vəkili, professor Eldar QULİYEV