Xəbərlər

Qəbələ rayonunun və Naftalan şəhərinin Ağsaqqallar Şuralarının hesabat konfransları keçirilib

May ayının 7-də Qəbələ rayonunun və Naftalan şəhərinin Ağsaqqallar Şuralarının hesabat konfransları keçirilib.

Konfranslarda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Naftalan Şəhər  İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, ağsaqqallar, ziyalılar, gənclər, idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.

Konfranslarda Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının və hesabat dövründə vəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra tədbiri giriş sözü ilə açan rayon və şəhər icra hakimiyyətlərinin rəhbərləri Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Vahid Novruzovu və toplantı iştirakçılarını salamlayaraq ağsaqqalların ölkəmizin  ictimai-siyasi həyatındakı əhəmiyyətli rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıblar. Gənclərimizin maarifləndirilməsində, xüsusilə dövlətə, xalqa sədaqət ruhunda və sağlam təməllər üzərində yetişdirilməsində ağsaqqallara hər zaman böyük ehtiyacın olduğunu diqqətə çatdırıblar. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətimizin davamlı inkişafı prosesində ağsaqqallarımızın üzərilərinə düşən vəzifələri hər zaman layiqincə yerinə yetirəcəklərinə əmin olduqlarını bildiriblər.

Sonra Qəbələ Rayon Ağsaqqallar Şurasının sədri Mehman İsmayılovun və Naftalan Şəhər Ağsaqqallar Şurasının sədri Möhübbət Bədəlovun yerli təşkilatların hesabat dövrü ərzindəki fəaliyyətləri barədə məruzələri dinlənilib. Məruzələrdə hesabat dövrü ərzində rayon və şəhər Ağsaqqqallar Şuralarının gördüyü işlərdən ətrafli bəhs edilib. Qeyd olunub ki, yerli təşkilatlar şəhər və rayonun ictimai-mədəni həyatında əhəmiyyətli rol oynayaraq əhali arasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin təbliğ edilməsində, gənclərimizin vətənpərvərlik ruhunda maarifləndirilməsində, həmçinin şəhid ailələri və qazilərlə görüşlərin keçirilməsində, onlara maddi və mənəvi dəstəyin göstərilməsində əllərindən gələni əsirgəmirlər. 2023-cü il – “Heydər Əliyev İli”ndə keçirdikləri tədbirlərdən bəhs edən edən natiqlər, həmçinin, ağsaqqalların prezident seçkilərində yaxından iştirak etdiklərini və Azərbaycanın əvəzsiz Liderini, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevi hərtərəfli dəstəklədiklərini vurğulayıblar. Sədrlər bundan sonra da fəaliyyətlərini yüksək əzmkarlıqla davam etdirəcəklərini bildiriblər.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov öz çıxışında Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını konfrans iştirakçılarına çatdıraraq, Vətənimizin bu dilbər guşələrində ağsaqqallarla görüşməyindən məmnun olduğunu bildirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı inkişaf etdiyini, şəhər və rayonlarımızın gündən-günə gözəlləşdiyini vurğulayan Vahid Novruzov bildirib ki, Qəbələ və Naftalanın  timsalında bu müsbət dəyişikliyin bir daha şahidi oldum. Sonra natiq Azərbaycan Ağsaqqqallar Şurasının 2023 və 2024-cü illər üzrə olan Fəalliyyət planları əsasında görülən işlərdən, o cümlədən “Heydər Əliyev İli” çərçivəsində təşkilatın keçirdiyi tədbirlərdən, xüsusilə may ayında keçirilən “Heydər Əliyev və müasir Türk dünyası” mövzusundakı beynəlxalq tədbirdən,  ağsaqqalların növbədənkənar prezident seçkilərində aktiv iştirakından, bir sıra səmərəli görüşlərdən, xeyriyyə aksiyalarından və digər tədbirlərdən ətraflı söz açıb.  Şuranın öz fəaliyyətində gənclərin maarifləndirilməsinə, onların milli və vətənpərvərlik ruhunda, zərərli vərdişlərdən uzaq tərbiyə almalarına, cəmiyyət üçün layiqli vətəndaşlar  kimi formalaşmalarına hər zaman böyük önəm verdiyini vurğulayıb.  Bildirib ki, Azərbaycanın tarixi məqamlarında hər zaman daha aktiv  fəaliyyəti ilə seçilən Respublika Ağsaqqallar Şurası növbədənkənar prezident seçkiləri ərəfəsində də öz  qəti mövqeyini açıqlayaraq, 35 min üzvü olan Şuranın xalqımızın qalib və güclü Lideri İlham Əliyevin siyasətinin davamını istədiyini bəyan edib və ağsaqqallarımız bütün suveren ölkəmizi əhatə edən seçki prosesində əzmkarlıqları ilə seçiliblər. Natiq, həmçinin, vurğulayıb ki, vətəndaşlarımızın yüksək fəallıqla iştirak etdiyi prezident seçkilərində cənab İlham Əliyevin 92 faizdən çox səs toplayaraq böyük üstünlüklə qələbə qazanması xalqın dövlət başçısına olan etimad və hörmətinin durmadan artdığını sübut edir.

Ölkəmizin COP29-a evsahibliyi etməsini bu ilin ən mü­hüm tarixi hadisəsi və respublikamızın “yaşıl iqtisadiyyat”a keçid strategiyasının məntiqi davamı kimi dəyərləndirən Vahid Novruzov eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini yüksək qiymətləndirib. Əlavə edib ki, bu mühüm məsələ Azərbaycan Ağsaqqqallar Şurasının 2024-cü il üçün olan Fəalliyyət planında da öz əksini tapıb və bu istiqamətdə tədbirlər keçirilir.

Natiq çıxışının sonunda Naftalan Şəhər Ağsaqqallar Şurasının sədri Möhübbət Bədəlovu və onun şəxsində xidmətləri “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə dəyərləndirilən bütün ağsaqqalları bu ali mükafatla təltif olunmaları münasibətilə təbrik edib və yerli təşkilatların fəaliyyətini qənaətbəxş hesab edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Konfranslarda çıxış edən ağsaqqallar ölkəmizdə aparılan abadlıq-quruculuq işlərindən, həyata keçirilən qlobal layihələrdən danışmış, ictimai işlərdə bundan sonra da yaxından iştirak edəcəklərini vurğulayaraq, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.

Qəbələ Rayon Ağsaqqallar Şurasının hesabat konfransında ictimai işlərdə fəal iştirakına görə bir qrup ağsaqqala rayon icra hakimiyyətinin Fəxri fərmanları təqdim edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.