Dekabrın 12-də Azərbaycan Ağsaqqallar Şurasında Ulu Öndər Heydər Əliyevin anım gününə həsr edilmiş iclas keçirilib.
Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavinləri – millət vəkili, professor Eldar İbrahimov, millət vəkili Ağalar Vəliyev, Bayram Yusifov, professor Vahid Novruzov, İdarə Heyətinin üzvləri – millət vəkili, akademik Ziyad Səmədzadə, professor Misir Mərdanov, millət vəkili, professor Aqiyə Naxçıvanlı, akademik Abel Məhərrəmov, professor Şəmsəddin Hacıyev, Şuranın Aparat rəhbəri Ramin Həsənli, baş məsləhətçi-hüquqşünas Kamal Əliyev, həmçinin Azərbaycan Ağsaqqallar Şurasının Bakı şəhəri üzrə rayon sədrləri və müavinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Fəxri Xiyabana gedərək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər, üzərinə gül dəstələri düzərək ehtiramlarını bildiriblər. Görkəmli oftalmoloq Zərifə Əliyevanın da məzarı ziyarət olunub, üzərinə gül dəstələri qoyulub.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili, professor Eldar İbrahimov Ümummilli Liderimizin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən danışıb. Dahi şəxsiyyətin fəaliyyətinin hər bir məqamının Azərbaycanın mənafeyinə, dövlətçiliyimizin inkişafına həsr olunduğunu bildirib. 14 iyul 1969-cu il tarixində Ulu Öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsinin ölkəmizin tarixində dönüş nöqtəsi olduğunu qeyd edərək vurğulayıb ki, həmin tarixdən başlayan böyük inkişaf yolu Azərbaycanın gələcək tərəqqisinin əsası oldu. 1993-cü ildə isə xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmizdə sabitliyin təmin edildiyini, inkişaf və yüksəlişin əsasının qoyulduğunu bildirən Eldar İbrahimov bu uğurlu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirildiyini diqqətə çatdırıb. O, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Ata vəsiyyətini yerinə yetirərək bizi qalib ölkənin vətəndaşı etdiyini, 30 ildən artıq işğal altında qalan torpaqlarımızı 44 gündə azad etdiyini fəxrlə vurğulayıb. Eldar İbrahimov, həmçinin, 2023-cü il – “Heydər Əliyev İli” ilə əlaqədar ölkəmizdə görülən işlərdən, o cümlədən Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyətindən bəhs edib.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov öz çıxışında Ümummilli Lider Heydər Əliyevin titanik fəaliyyətindən, onun dünya miqyasında tanınan və qəbul edilən böyük şəxsiyyət olmasından söz açıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyev bizim milli xəzinəmiz, sarsılmaz istinad nöqtəmizdir, tariximizə qızıldan imza atan əbədiyaşar liderimizdir. Bu dahi şəxsiyyət bir mayak kimi hər zaman bizə doğru yolu göstərəcəkdir. Bayram Yusifov Ulu Öndər Heydər Əliyevin ağsaqqalları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırmasından, onlara olan böyük hörmət və ehtiramından da bəhs edib. Bu diqqət və qayğının hazırda Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri – akademik Abel Məhərrəmov, professor Şəmsəddin Hacıyev, millət vəkili, professor Aqiyə Naxçıvanlı və digər natiqlər də müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında, inkişafında və dünyaya tanıdılmasında Ulu öndər Heydər Əliyevin müstəsna rolundan bəhs ediblər. Azərbaycan xalqının Heydər Əliyev kimi Ümummilli Lideri olduğu üçün xoşbəxt bir xalq olduğunu vurğulayıblar. Natiqlər, həmçinin, Ulu Öndər Heydər Əliyev yolunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla və böyük nailiyyətlərlə davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.