İyunun 13-də Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Qazaxda “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda keçirilmiş görüşdə və 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş bayram konsertində iştirak edib.
Günün birinci yarısında Qazax Rayon Mədəniyyət Mərkəzinin böyük zalında keçirilən görüşdə Bayram Yusifovla yanaşı, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Azərbaycan Ağsaqqallar Şurasının Qazax rayon təşkilatının sədri Ramiz Mansurov, Şuranın mətbuat katibi Rafiq Rzayev, icra aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinin əməkdaşları, təhsil, səhiyyə, mədəniyyət işçiləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələri, Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin ailələri, qazilər, ağsaqqallar, ziyalılar, gənclər və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu sahəsində gördüyü işlərdən, misilsiz xidmətlərdən bəhs edən videoçarx nümayiş olunub.
Görüşdə çıxış edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Azərbaycan Respublikasının azad və güclü bir dövlət kimi formalaşması, müasir və qüdrətli Ordumuzun yaradılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Vurğulayıb ki, Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan Ordusunun təşkilatlanması, böyük qüvvəyə çevrilməsi, uğurlu ordu quruculuğu siyasəti bugünkü və gələcək nailiyyətlərimizin əsasıdır. 44 günlük Vətən müharibəsinə qazanılan möhtəşəm Zəfərdən bəhs edən natiq hazırda bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Müzəffər Ali Baş Komandanın orduya diqqət və qayğısının əsgər və zabitlərimizə sonsuz mübarizə əzmi aşıladığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov tədbir iştirakçılarını və bütün Qazax əhalisini Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayaraq, onları Milli Qurtuluş Günü münasibətilə təbrik edib. Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən bəhs edən natiq vurğulayıb ki, müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantı olan müasir və güclü Azərbaycan Ordusunun memarı Ümummilli Liderimiz Heydər Əliyevdir. Bu dahi şəxsiyyətin ordu quruculuğu sahəsində həyata keçirdiyi əsas fəaliyyət istiqamətlərindən biri də milli zabit kadrların hazırlanması idi. Belə ki, bu sahədə görülən bir çox əhəmiyyətli işlərlə yanaşı, Ümummilli Liderin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması Azərbaycanın hərb tarixində son dərəcə mühüm bir səhifədir və müstəqillik əldə edildikdən sonra orada yetişən zabitlərimizin torpaqlarımızın işğaldan azad edilməsindəki əvəzsiz rolu bir daha Ulu Öndər Heydər Əliyevin necə böyük, uzaqgörən bir şəxsiyyət olduğunu sübut etdi. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin inkişaf və təkmilləşmə dövrünü yaşadığını bildirən Bayram Yusifov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi ordu quruculuğu prosesi hazırda Müzəffər Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ordumzun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin yüksəldilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması, ən son hərbi texnologiyaların orduya cəlb olunması Silahlı Qüvvələrimizin daha da güclənməsinə və modernləşməsinə gətirib çıxardı ki, bunun da nəticəsini – böyük Zəfəri hər birimiz böyük sevinclə qarşıladıq. Rəşadətli Azərbaycan Ordusu möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığı Qələbə ilə hərb tariximizin qəhrəmanlıq salnaməsini yazdı.
Bayram Yusifov, həmçinin, vurğulayıb ki, xalqımızın mübarizlik ənənələrinin davam etdirilməsi, gənclərimizin bu qəhrəmanlıq ənənələrimiz əsasında tərbiyə olunması, zəngin hərb tariximizin təbliğ edilməsi, sərkərdələrimizin və görkəmli hərb xadimlərimizin keçdiyi şərəfli yolun gənc nəslə örnək olaraq aşılanması Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyət prioritetlərindən biri olaraq hər zaman ağsaqqallarımızın diqqət mərkəzindədir.
Çıxış edən digər natiqlər də Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın hərtərəfli inkişafına və qüdrətlənməsinə, o cümlədən ordu quruculuğuna verdiyi böyük töhfələrdən bəhs ediblər. Rəşadətli Azərbaycan Ordusunun Ulu Öndərin başladığı və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi qətiyyətli və müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmləndiyini, gücləndiyini bildiriblər.
Daha sonra tədbir iştirakçıları Rayon Mədəniyyət Mərkəzinin qarşısında Qazax Dövlət Rəsm Qalereyası, Qazax Rayon Mərkəzləşdirilmiş Kitabxanası tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təşkil edilən rəsm və kitab sərgisi ilə tanış olublar.
Tədbir 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş bayram konserti ilə davam etdirilib. Tanınmış və gənc müğənnilərin, aşıqların ifasında səslənən milli və xalq mahnıları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Qazax Rayon Mədəniyyət Mərkəzinin rəqs qrupunun təqdim etdiyi rəqslər konserti izləyənlərə xoş ovqat bəxş edib. Bayram əhal-ruhiyəli tədbir könüllülərin yallı rəqsi ilə başa çatıb. Əlamətdar bayram tədbirində yeni bir ailənin təməli də qoyulub, Vətən müharibəsi iştirakçısı Tağıyev Anar Möhsüm oğlunun nikah mərasimi keçirilib. Hər kəsin şahidliyi ilə yeni qurulan ailənin ünvanına xoş sözlər, təbriklər səslənib, ailə xoşbəxtliyi arzulanıb.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Qazaxda “Heydər Əliyev İli” çərçivəsində və Milli Qurtuluş Gününə həsr edilmiş tədbirlərdə iştirak edib.
- 14-06-2023
- [16:15]
- [ ]

14
İyn