Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının Qurban bayramı münasibətilə təbriki

Əziz həmvətənlər!
Sizi İslam və Türk dünyasının ən əziz bayramlarından biri olan, insanlar arasında mənəvi birlik, yardımlaşma, həmrəylik və halallıq duyğusunu gücləndirən müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların, kəsdiyiniz qurbanların Allah dərgahında qəbul olunması diləyi ilə hər birinizə ən səmimi arzularımızı çatdırırıq!
Milli-mənəvi və dini dəyərlərimizin cəmiyyətimizin mədəni inkişafında müstəsna rol oynaması üçün daim çalışan Ulu Öndər Heydər Əliyevin bu şərəfli missiyasını möhtərəm Prezidentimiz cənab İlham Əliyev uğurla davam etdirir. Müasir Azərbaycanda mütərəqqi islami dəyərlər və adət-ənənələr uca tutulur, cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, humanizmin, şəfqət və mərhəmət duyğularının təntənəsi hökm sürür. Öz milli və dini dəyərlərinə, tarixi ənənələrinə bağlılığını həmişə qoruyub saxlayan Azərbaycan xalqı bütün dünya müsəlmanları ilə həmrəylik göstərərək müqəddəs Qurban bayramını böyük təntənə ilə qeyd edir. Cəmiyyətimizdə paklığın və mərhəmətin rəmzinə çevrilən Qurban bayramı Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin başçılığı altında şanlı Ordumuzun azad etdiyi torpaqlarımızda, bütün Azərbaycanda bu il daha böyük sevinc və yüksək Zəfər əhval-ruhiyyəsi ilə keçirilir. Dövlətimizin tərəqqisi, xalqımızın əmin-amanlığı naminə dualar oxunur, şəhidlərimizin həmişəyaşar əziz xatirəsi ehtiramla yad edilir.
Hörmətli soydaşlarımız!
Bir daha Sizi müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, uca Allahdan ailələrinizə səadət, süfrələrinizə xeyir-bərəkət diləyir, Vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifahı üçün edilən duaların, kəsilən qurbanların qəbul olunmasını arzulayırıq!

Hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının
İdarə Heyətinin üzvləri adından
Şuranın sədri, millət vəkili, professor                                     Eldar QULİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.