Xəbərlər

Ucar Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev Ulu Öndər Heydər Əliyevə həsr olunmuş tədbirdə çıxış edib

Ucar rayonunun Heydər Əliyev Mərkəzində “14 iyul 1969-cu il: müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda tədbir keçirilib.
Tədbir Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gələrək öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaratmağa başlamasının 54-cü ildönümünə həsr olunub.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev, habelə rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq mühafizə orqanlarının rəhbərləri, əməkdaşları, ağsaqqallar və rayon ictimaiyyəti iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları tərəfindən Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə açan Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov qeyd edib ki, ölkəmizin müstəqil dövlət quruculuğuna aparan yolu 1969-cu ildən, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən sonra başlayıb. 14 iyul 1969-cu il bugünkü müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün kimi tarixə düşüb. 1969-1982-ci illərdə Azərbaycanın ictimai-siyasi, o cümlədən, sosial-iqtisadi və mədəni həyatında böyük inkişafın baş verdiyini qeyd edən natiq vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qısa müddətdə respublikanın iqtisadi inkişafının konsepsiyası hazırlanıb, iqtisadiyyatda, o cümlədən, kənd təsərrüfatında və digər sahələrdə ixtisaslaşma, maddi-texniki və müasir istehsal sahələrinin yaradılması ilə kompleks tədbirlər həyata keçirilib. Mənsur Məmmədov Ümummilli Lider Heydər Əliyevin hərtərəfli inkişaf yolunu bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Ucar Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev öz çıxışında bildirib ki, Azərbaycanın müstəqil dövlət quruculuğuna, yüksək tərəqqiyə açılan yolu 14 iyul 1969-cu ildən – xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ölkə rəhbəri seçildiyi vaxtdan başlayır. Ulu Öndər sövet dövründə öz yüksək səviyyəli fəaliyyəti ilə respublikamızda bütün sahələrdə böyük canlanma yaradaraq Azərbaycanın yüksəlişini, qüdrətlənməsini, xalqımızın rifahını təmin edib. Natiq, həmçinin, vurğulayıb ki, fitri istedadı, yüksək təşkilatçılıq və idarəçilik qabiliyyəti ilə Azərbycanı bir neçə ilə dinamik inkişaf yoluna çıxaran dahi şəxsiyyət Heydər Əliyev fəaliyyəti dövründə digər bölgələrdə olduğu kimi, Ucar rayonunda da ciddi inkişaf prosesi gedib, xüsusilə torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması sahəsində xeyli işlər görülüb. Bu gün də Ucar rayonunda böyük quruculuq və inkişaf prosesi davam etdirilir.
Mirzalı Ağamaliyev bildirib ki, Ulu Öndər Heydər Əliyev öz böyük şəxsiyyəti, əvəzolunmaz fəaliyyəti ilə Azərbaycan xalqının qəlbini fəth edərək hamımızın gözü qarşısında dahiləşərək, əbədiləşərək möhtəşəm bir zirvəyə çevrilib. Təmsil olunduğu Azərbaycan Ağsaqqallar Şurasının da əsas fəaliyyət istiqamətlərindən birinin zəngin Heydər Əliyev irsinin öyrənilməsi və təbliğ edilməsi olduğunu bildirən natiq qeyd edib ki, Ulu Öndər ağsaqqallara hər zaman yüksək diqqət göstərərək onları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırıb. Çox sevindirici haldır ki, bu gün Ümummilli Liderimizin yolunun uğurlu davamçısı, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bütün ölkə əhalisi kimi, ağsaqqallara da həssaslıqla yanaşaraq, onlara xüsusi diqqət və qayğı nümayiş etdirirlər.
Daha sonra rayon ziyalısı Hakim Nəcəfov, Ucar Rayon Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova, Alpout kənd 2 saylı tam orta məktəbin direktoru Orxan Rəhimov və Ucar şəhər 4 saylı tam orta məktəbin tarix müəllimi Elvin Abdulov mövzu ətrafında maraqlı çıxışlar ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.