Avqust ayının 8-də Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Xalq artisti Rasim Balayevin 75 yaşı tamam olub. Bu münasibətlə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri Rasim müəllimə təbrik ünvanlayıblar. Təbrikdə deyilir:
Hörmətli Rasim müəllim!
Sizi – Azərbaycan kino sənətinin görkəmli nümayəndəsini, dəyərli ziyalımızı və gözəl insanı 75 İllik Yubileyiniz və mədəniyyətimizin inkişafında böyük xidmətlərinizə görə “İstiqlal” ordeni ilə təltif olunmağınız münasibətilə ürəkdən təbrik edir, Sizə uca Allahdan uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzulayırıq!
Siz Azərbaycan kinematoqrafiyasının inkişafına böyük töhfələr vermiş bir şəxs olaraq dəyərli yaradıcılığınızla tamaşaçıların qəlbində dərin məhəbbət qazanmısınız. İstedadlı aktyor kimi böyük məharətlə canlandırdığınız “Babək”, “Nəsimi”, “Beyrək” və yaddaqalan bir çox digər obrazlar, çəkildiyiniz filmlər Azərbaycan kino tarixində mühüm mərhələ təşkil etmiş və kino sənətimizin qızıl fonduna həmişəlik daxil olmuşdur. Yarım əsrdən artıq bir dövrü əhatə edən yaradıcılığınız dövlətimiz tərəfindən yüksək mükafatlara – “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenlərinə layiq görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sizi şəxsən qəbul edərək “İstiqlal” ordenini təqdim etməsi isə Sizə və bütün ağsaqqallara, ziyalılara verilən yüksək dəyərdir.
Siz Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü olaraq görkəmli şəxsiyyət, müdrik ağsaqqal kimi ölkəmizin ictimai-mədəni həyatında da yaxından iştirakınızla xalqımıza və doğma Vətənimizə dəyərli xidmətlər göstərirsiniz. Sizin şərəfli və məhsuldar ömür yolunuz, mənəvi saflığınız və vətəndaş böyüklüyünüz bu gün də cəmiyyətimiz, xüsusilə gənclərimiz üçün bir nümunə məktəbidir.
Hörmətli Rasim müəllim!
Bu xoş fürsətdən istifadə edərək bir daha Sizi əlamətdar Yubileyiniz və “İstiqlal” ordeni ilə təltif olunmağınız münasibətilə səmimi-qəlbdən təbrik edir, xalqımızın və dövlətimizin tərəqqisi naminə gərəkli ictimai-mədəni fəaliyyətinizdə Sizə yeni-yeni nailiyyətlər diləyirik!
Dərin hörmət və səmimiyyətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV