Xəbərlər, Təbriklər

CƏLİL XƏLİLOV – 65

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovun bu gün 65 yaşı tamam olur. Bu münasibətlə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri Cəlil  müəllimə təbrik ünvanlayıblar. Təbrikdə deyilir:

 

Hörmətli Cəlil müəllim!

Sizi – vətənpərvər hərbçini, dəyərli ziyalını, gözəl insanı və şərəfli xidmət yolu keçmiş peşəkar zabiti 65 İllik Yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə Tanrıdan uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycanımızın inkişafı naminə gördüyünüz bütün işlərdə yeni-yeni uğurlar arzulayırıq!

Siz səmərəli xidmətlərinizlə Azərbaycanın hərb tarixində və ictimai-siyasi həyatında özünə layiqli yer tutan dəyərli şəxsiyyət, nüfuzlu ziyalısınız. Uzun müddət bir sıra məsul hərbi vəzifələrdə çalışaraq bu sahənin inkişafında, Azərbaycan Ordusunda xidməti işin təşkili və nizam-intizamın möhkəmləndirilməsində, sərhəd qoşunlarımızın formalaşmasında mühüm işlər görmüsünüz. Alim kimi qələminizlə, ictimai xadim kimi vətənpərvər fəaliyyətinizlə  xalqımıza dəyərli xidmətlər göstərmisiniz. Qarabağ uğrunda gedən döyüşlərdə silahlı qüvvələrimizin tərkibində düşmənə qarşı qətiyyətlə mübarizə aparan qəhrəman əsgər və zabitlərimizlə birgə həmişə ön cəbhədə olubsunuz. Dövlətimizə göstərdiyiniz xidmətlər  həmişə yüksək qiymətləndirilib. Siz “Mehdi Hüseynzadə” medalı, “Alyans”ın fəxri döş nişanı, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalı ilə təltif edilibsiniz.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini olaraq peşəkar zabit, müdrik bir ziyalı kimi bu gün də ölkəmizin ictimai həyatında yaxından iştirakınızla doğma Azərbaycanımızın inkişafı üçün yorulmadan səylər göstərir, veteranlar hərakatına böyük töhfələr verir, ölkəmizin müstəqilliyi və tərəqqisi  uğrunda mübariz gənclərin yetişməsində əhəmiyyətli rol oynayırsınız. Biz əminik ki, Siz bundan sonra da dəyərli veteranlarımızla birgə öz yorulmaz fəaliyyətinizlə Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətini qətiyyətlə davam etdirən möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin daxili və xarici siyasətini daim dəstəkləyəcək, ölkəmizin xoşbəxt gələcəyi naminə var qüvvənizi, bilik və bacarığınızı əsirgəməyəcəksiniz.

Hörmətli Cəlil müəllim!

Bu xoş fürsətdən istifadə edərək bir daha Sizi əlamətdar Yubileyiniz münasibətilə ürəkdən təbrik edir, respublikamızın, xalqımızın tərəqqisi uğrunda məsuliyyətli və şərəfli fəaliyyətinizdə Sizə yüksək nailiyyətlər diləyirik!

 

Dərin hörmət və səmimiyyətlə,

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin

üzvləri adından Şuranın sədri, millət vəkili, professor                  Eldar QULİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.