Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev təşkilatın İdarə Heyətinin üzvü, Xalq artisti Rasim Balayevin təltif olunması ilə bağlı əmr imzalayıb.
Rasim Balayev ölkəmizin ictimai-mədəni həyatındakı səmərəli fəaliyyəti ilə xalqımıza və Vətənimizə göstərdiyi dəyərli xidmətlərə görə və 75 illik yubileyi münasibətilə Azərbaycan Ağsaqqallar Şurasının “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif edilib.
Azərbaycan Ağsaqqallar Şurasının inzibati binasında keçirilən təltifetmə mərasimində Eldar Quliyev və Rasim Balayevlə yanaşı, sədr müavinləri – millət vəkili, professor Eldar İbrahimov, professor Elmira Süleymanova, Bayram Yusifov, professor Vahid Novruzov, İdarə Heyətinin üzvləri – professor Kamran İmanov, millət vəkilləri – professor Aqiyə Naxçıvanlı və Ağalar Vəliyev, akademik Arif Həşimov, professor İbrahim Quliyev, Şuranın Aparat rəhbəri Ramin Həsənli və başqaları iştirak ediblər.
Eldar Quliyev öz təbrik nitqində qeyd edib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, xaqımızın sevimlisi, Xalq artisiti Rasim Balayevi mədəniyyətimizin inkişafındakı böyük xidmətlərinə görə “İstiqlal” ordeni ilə təltif etməsi və onu şəxsən qəbul edərək ordeni təqdim etməsi hamımızın böyük sevincinə səbəb olub. Bu həm də bütün ağsaqqallara və ziyalılara verilən yüksək dəyərdir. O, Azərbaycan kinematoqrafiyasının inkişafına böyük töhfələr vermiş və dəyərli yaradıcılığı ilə tamaşaçıların qəlbində dərin məhəbbət qazanmış Xalq artistinin böyük məharətlə canlandırdığı “Babək”, “Nəsimi”, “Beyrək” və yaddaqalan bir çox digər obrazlarından bəhs edib. Vurğulayıb ki, Rasim Balayevin çəkildiyi filmlər Azərbaycan mədəniyyət tarixində mühüm mərhələ təşkil edərək kino sənətimizin qızıl fonduna həmişəlik daxil olub.
Eldar Quliyev, həmçinin, Xalq artistinin yarım əsrdən artıq bir dövrü əhatə edən yaradıcılığının hər zaman dövlətimiz tərəfindən yüksək mükafatlarla dəyərləndirildiyini qeyd edərək bildirib ki, Ümummilli Liderimiz Heydər Əliyev də Rasim Balayevin sənətini yüksək qiymətləndirərək hələ 50 yaşındaykən onu “Şöhrət” ordeni ilə təltif edib. Bu nəcib ənənə hazırda da davam etdirlir və xalqımımzın sevimli aktyoru Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Şərəf” və “İstiqlal” ordenlərinə layiq görülüb.
Nitqinin sonunda Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Rasim Balayevi bir daha 75 illik yubileyi və “İstiqlal” ordeni ilə təltif olunmağı münasibətilə ürəkdən təbrik edib, uca Allahdan ona uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıb, xalqımızın və dövlətimizin tərəqqisi naminə gərəkli ictimai-mədəni fəaliyyətində yeni-yeni nailiyyətlər diləyib. Vurğulayıb ki, onun şərəfli və məhsuldar ömür yolu, mənəvi saflığı və vətəndaş böyüklüyü bu gün də cəmiyyətimiz, xüsusilə gənclərimiz üçün bir nümunə məktəbidir.
Görüşdə iştirak edən hər bir tədbir iştirakçısı da bu təbriklərə qoşularaq Rasim Balayevə ən səmimi arzularını çatdırıblar. Qeyd ediblər ki, yubilyarın qazandığı orden, medal və digər təltiflərlə ilə yanaşı, onun ən böyük mükafatlarından biri də qədirbilən Azərbaycan xalqının Rasim Balayevin əməyinə, şəxsiyyətinə bəslədiyi böyük məhəbbət və ehtiramdır.
Rasim Balayev ona göstərilən bu yüksək diqqətə və səmimi arzulara görə çox məmnun olduğunu bildirib və bütün tədbir iştirakçılarına öz dərin minnətdarlığını ifadə edib.
Sonda xatirə şəkli çəkdirilib.