Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanovanın Özbəkistan səfəri səmərəli və yaddaqalan olub  

Xəbər verdiyimiz kimi, Özbəkistan tərəfinin dəvəti ilə qardaş ölkədə səfərdə olan Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanova fəxri qonaq qismində Daşkənd şəhərində keçirilən beynəlxalq konfranslarda iştirak edib, bir sıra səmərəli işgüzar görüşlər keçirib.
2 avqust tarixində keçirilən beynəlxalq konfrans Özbəkistan Respublikasının Müstəqilliyinin 32-ci ildönümünə, Özbəkistan Elmlər Akademiyasının 80 illiyinə və görkəmli alim, dövlət və ictimai xadim, akademik, Özbəkistanın ilk Ombudsmanı Sayyora Rəşidovanın 80 illik yubileyinə həsr olunmuşdu. Tədbirdə görkəmli ziyalılar, yerli və bir sıra xarici ölkələrdən olan alimlər, nüfuzlu ictimai-siyasi xadimlər – Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Elmlər Akademiyasının prezidenti, akademik Bexzod Yuldaşev, Özbəkistan Parlamentinin Aşağı Palatasının birinci vitse-spikeri, akademik Akmal Saidov, Ali Məclisin İnsan Hüquqları üzrə Müvəkkili Feruza Eşmatova, Rusiya Xitin cəmiyyətinin koordinatoru, professor Valeriy Varlamov, Qazaxıstan Polimer Materiallar və Texnologiyalar İnstitutunun direktoru, professor Sarkıt Kudaybergenov və başqaları iştirak ediblər.
Özbəkistan Elmlər Akademiyasının “Böyük zalında” keçirilən konfransdakı çıxışında (müsahibələrində) Elmira Süleymanova ilk öncə dəvətə görə minnətdarlığını bildirərək, qardaş özbək xalqını və bütün tədbir iştirakçılarını xalqımız adından, həmçinin təmsil etdiyi Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin və Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasovun adından salamlayaraq, hər bir kəsi əlamətdar yubileylər münasibətilə ürəkdən təbrik edib.
Elmira xanım öz çıxışında vaxtilə Ulu Öndər Heydər Əliyevlə Özbəkistanın rəhbəri Şərəf Rəşidov arasında yaranmış dostluq münasibətlərindən, daha sonra Ümummilli Liderimizin Özbəkistanın birinci Prezidenti İslam Karimovla qarşılıqlı anlaşma, etimad və hörmətə əsaslanan yaxın əlaqələrindən bəhs edərək vurğulayıb ki, hazırda bu dostluq və qardaşlıq münasibətləri yüksək səviyyədə davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi təmasları nəticəsində qardaş ölkələr arasındakı əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu bildirib. O, ortaq tarixə və eyni mədəni köklərə, qardaşlıq və dostluq münasibətlərinə malik olan Özbəkistan və Azərbaycan arasında dövlət və qeyri-hökumət təşkilatları səviyyəsində, o cümlədən Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, TÜRKPA, Türk Akademiyası və digər qurumlar çərçivəsində həyata keçirilən bir çox faydalı siyasi, iqtisadi, habelə elmi, mədəni, ictimai əməkdaşlıqlardan, görüşlərdən və səfərlərdən danışaraq qeyd edib ki, Ermənistanın Azərbaycanın tarixi torpaqlarına ərazi iddiaları və hərbi təcavüzü ilə baş tutan Qarabağ münaqişəsi ilə bağlı məsələdə, o cümlədən Azərbaycanın öz doğma torpaqlarını işğaldan azad etmək uğrunda apardığı 44 günlük Vətən müharibəsi dövründə Özbəkistan daim ölkəmizin ədalətli mövqeyini dəstəkləyib. Qürurverici haldır ki, qardaş Özbəkistan artıq işğaldan azad etdiyimiz əzəli Azərbaycan torpaqlarındakı, Qarabağdakı quruculuq işlərinə də öz töhfəsini verib. Azərbaycanın erməni işğalından azad edilmiş Füzuli rayonunda cənab Şavkat Mirziyoyevin təşəbbüsü ilə orta məktəb binası inşa edilir.
Elmira Süleymanova Azərbaycan – Özbəkistan münasibətlərinin gündən-günə inkişaf etdiyini vurğulayaraq əlavə edib ki, Azərbaycanda növbəti möhtəşəm bir tədbir həmin günlərə təsadüf edir – ölkəmizdə qardaş respublikadan yüzlərlə qonağın iştirak etdiyi Özbəkistan mədəniyyəti günləri keçirilir.
Elmira xanım onu da qeyd edib ki, Azərbaycan Ağsaqqallar Şurası Türk Dövlətlərinin Ağsaqqallar Şurasının işində fəal iştirak edir və bu qurum çərçivəsində qardaş Özbəkistanın Ağsaqqallar Şurası ilə əlaqələrin daha da inkişaf etdirilməsinə öz layiqli töhfəsini verir. Qarşılıqlı faydalı səfərlərin və bir çox səmərəli görüşlərin həyata keçirildiyini qeyd edən Elmira Süleymanova Azərbaycan Ağsaqqallar Şurasının üzvlərinin ötən il Özbəkistanda səfərdə olduqlarını və qardaş ölkənin nümayəndə heyətinin bu il Azərbaycanda Şuranın təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və müasir Türk dünyası” mövzusunda keçirilmiş beynəlxalq elmi-praktiki konfransda yaxından iştirak etdiyini bildirib.
Özbəkistanla Azərbaycan arasında bütün sahələrdə əməkdaşlığın qurulmasında və inkişaf etdirilməsində yüksək xidmətləri olan xalqımızın unudulmaz lideri Heydər Əliyevin qardaş Özbəkistanda böyük ehtiramla anıldığını qeyd edən Elmira Süleymanova vurğulayıb ki, bu il Özbəkistanda Ulu Öndərimizin 100 illik yubileyinə həsr olunmuş bir neçə tədbir proqramları təşkil olunub və davam etdirilir. O, Özbəkistanda Heydər Əliyev adına həm Azərbaycan Mədəniyyət Mərkəzinin uğurla fəaliyyət göstərdiyini, həm də Ulu Öndərin abidəsi ucaldılan və paytaxt sakinləri tərəfindən sevimli istirahət məkanına çevrilən gözəl bir parkın salındığını qeyd edib.
Elmira xanım, həmçinin, Özbəkistan Elmlər Akademiyasının Polimerlər Kimyası və Fizikası İnstitutunun əsasını qoyan və indiyədək direktoru vəzifəsini həyata keçirən tanınmış alim, akademik, Özbəkistanın ilk Ombudsmanı Sayyora Rəşidovanın ölçüyəgəlməz xidmətləri ilə bağlı fikirlərini və xoş xatirələrini də bölüşüb. Bildirib ki, 80 illik yubileyini qeyd etdiyimiz Sayyora xanım görkəmli şəxsiyyət Şərəf Rəşidovun yolunu, ata yolunu uğurla və şərəflə davam etdirərək özbək xalqına sədaqətlə xidmət edir.
Tədbirdə Sayyora Rəşidovanın həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib, Özbəkistan dövləti tərəfindən yüksək ödüllə təltif olunan yubilyara Elmira xanım və digər qonaqlar öz hədiyyələrini və gül dəstələri təqdim ediblər.
Sərbəst vaxtdan istifadə edərək Elmira Süleymanova qardaş ölkənin “Özbəkistan tarixi” və “Özbəkistan 24” televiziya kanallarına verdiyi geniş müsahibələrdə Azərbaycan və Özbəkistan arasında çoxəsrlik köklərə və ənənələrə əsaslanan dostluq, qardaşlıq münasibətləri və strateji əməkdaşlıq barədə çıxış edib və iki dövlət arasındakı münasibətlərin daha da dərinləşməkdə olduğunu vurğulayıb. Akademiyalarımızın əməkdaşlığına gəldikdə isə Elmira xanım xalqlarımızın yaxın münasibətlərinin inkişafının daha bir əlaməti olaraq həm də Şərq ədəbiyyatının dahiləri Əlişir Nəvai və Nizami Gəncəvi kimi böyük klassiklər arasında ədəbi və dostluq əlaqələri olduğunu bildirib. Bakıda Əlişir Nəvainin, Daşkənddə isə Nizami Gəncəvinin abidələri ucaldılıb, Özbəkistanda Nizami Gəncəvi, Azərbaycanda isə Əlişir Nəvai irsinin geniş tədqiqi davam etdirilir. Daşkənd Dövlət Pedaqoji Universitetinə dahi Nizami Gəncəvinin adı verilib, habelə Universitetin qarşısında büstü ucaldılıb.
Sayyora xanımın yubileyi şərəfinə verilən və qonaqlarla yanaşı Özbəkistanın tanınmış ziyalılarının, ictimai-siyasi xadimlərinin də qatıldığı ziyafətdə qızı ilə birlikdə iştirak edən Özbəkistan Respublikasının Birinci xanımı Ziroatxon Mirziyoyeva ilə Elmira Süleymanova arasında maraqlı dialoq olub. Elmira xanım Şavkat Mirziyoyevin növbəti dəfə Özbəkistan xalqının böyük etimadı ilə prezident seçilməsi münasibətilə öz təbriklərini çatdırıb və onun Azərbaycan Prezidenti cənab İlham Əliyevlə dostluq, qardaşlıq əlaqələrini vurğulayıb. O, həmçinin Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva ilə Ziroatxon Mirziyoyevanın səmimi münasibətlərinə də toxunaraq qeyd edib ki, öz ölkələri üçün bir çox faydalı işlər görən hər iki xanımın bu münasibətləri Türk dünyası üçün bir örnəkdir.
Səfər çərçivəsində Elmira xanım digər maraqlı və səmərəli görüşlər də keçirib. Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət zamanı Ulu Öndərin büstü önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla yad edilib. Burada əməkdaşların müşayiəti ilə Mərkəzin Heydər Əliyev muzeyi, Azərbaycan dövlətçiliyi və tarixi muzeyi, Azərbaycan-Özbəkistan Dostluq muzeyi, Xalça muzeyi, kitabxanası və Mərkəz tərəfindən təşkil olunan Azərbaycanla bağlı kursların keçirildiyi otaqları ilə tanış olub. Mərkəzdə yaradılan şəraitdən məmnun qaldığını bildirən Elmira xanım öz təklif və tövsiyələrini də verib. O, Heydər Əliyev muzeyində xatirə kitabına ürək sözlərini yazdıqdan sonra Mərkəzə Azərbaycan Ağsaqqallar Şurası adından 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin Azərbaycan xalqını və rəşadətli Ordumuzu dəmir yumruq kimi öz ətrafında birləşdirərək qazandığı möhtəşəm Zəfərimizin simvolu olan “Xarı Bülbül” xatirə hədiyyəsini bağışlayıb. Sonra Elmira xanım Mərkəzin yaxınlığında salınmış Heydər Əliyev parkında da olub, Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb.
Elmira Süleymanova səfər çərçivəsində Azərbaycan dövlətinin Özbəkistandakı səfirliyində də olub. Burada səfirliyin fəaliyyəti, Azərbaycan diasporu ilə əməkdaşlığı və başqa tədbirləri ilə bağlı maraqlı müzakirələr aparıldıqdan sonra Ümummilli Lider Heydər Əliyevin büstü, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fotoşəkli önündə xatirə şəkilləri çəkdirilib. Səfirliyə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xatirə hədiyyəsi bağışlanıb.
Səfər zamanı Elmira Süleymanova Sayyora Rəşidova ilə birlikdə onun atası – Özbəkistana rəhbərlik etmiş dövlət xadimi, yazıçı, iki dəfə Sosialist Əməyi Qəhrəmanı olmuş, sovet rejiminin ağır repressiyalarının əzablarını çəkmiş Şərəf Rəşidovun məzarını da ziyarət etmiş, üzərinə gül dəstələri düzərək ruhuna dualar oxunmuş, xatirəsi ehtiramla yad edilmişdir.
Elmira xanım səfər çərçivəsində Özbəkistanın Dövlət Tarix Muzeyini də ziyarət edib. O, buradakı tarixi eksponatlarla tanış olaraq, muzeyin direktoru, professor Cənnət İsmayılova ilə maraqlı söhbətlər aparıb. Muzeyin zəngin eksponatları ilə tanış olub, burada Türk dünyasına, Türk soyuna daha da çox yer ayrılmasının məqsədəuyğun olduğunu qeyd edib. Muzeyin əməkdaşları bu istiqamətdə işlərin aparıldığını bildiriblər.
Səfər zamanı Elmira Süleymanovanın Özbəkistan Ali Məclisi Senatının və Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının üzvü, Özbəkistanın qəhrəmanı, respublika veteranlarının ictimai fəaliyyətinin dəstəklənməsi üzrə “Nuraniy” Fondunun İdarə Heyətinin sədri Sodikjon Turdiyevlə də görüşü planlaşdırılmışdı. Təəssüf ki, həmin ərəfədə onunla əlaqə saxlamaq mümkün olmadığından görüş baş tutmamışdır.
Səfərdə Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev və Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşı Aydan İskəndərli də iştirak ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.