Əvvəlcə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, şəhid ailələrinin üzvləri, ağsaqqallar, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri, o cümlədən rayon sakinləri şəhidin məzarını və büstünü ziyarət edərək xatirəsini ehtiramla anıblar.
Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Milli Qəhrəman Valeh Müslümovun həyatı və döyüş yolu haqqında ətraflı məlumat verilib.
Tədbirdə çıxış edən natiqlər bildiriblər ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsi həmişə ehtiramla yad edilir, onların keçdiyi döyüş yolu bir nümunə kimi təbliğ olunur. Belə qəhrəmanlardan biri də “Azərbaycanın Milli Qəhrəmanı” adını almış Valeh Müslümovdur. O, 1992-ci il aprel ayında düşmənlə qeyri-bərabər döyüşdə yaralanmış 11 nəfər döyüşçü yoldaşını xilas edərək təhlükəsiz zonaya aparıb, əsl qəhrəmanlıq nümunəsi göstərib və bu zaman o özü də ağır yaralanaraq qəhrəmancasına şəhid olub. Onun bu igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 6 iyun tarixli 831 nömrəli Fərmanı ilə ilk dəfə “Azərbaycanın Milli Qəhrəmanı” adını almış 11 nəfərdən biri də Valeh Müslümov olub. Valeh Müslümovun adının əbədiləşdirilməsi ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilib. Təhsil aldığı orta məktəbə və Lerik şəhərinin küçələrindən birinə onun adı verilib, büstü ucaldılıb. Şəhid Valeh Müslümovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq, Vətən övladlarının döyüş yolu gələcək nəsillərə həmişə örnək olacaq.
Tədbirdə, həmçinin, qeyd olunub ki, xalqımız və şanlı Ordumuz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə dəmir yumruq kimi birləşərək Vətən müharibəsinin qalib tərəfi kimi tarix yazıb, işğal altında olan torpaqlarımızın azad edilməsinə nail olub. Vətən müharibəsində Lerik rayonundan olan qəhrəman oğullarımız da hərbi əməliyyatlarda misilsiz rəşadət nümayiş etdiriblər və öz qanları bahasına Vətən torpaqlarını azad ediblər.
Tədbirdə şəhidin adını daşıdığı şəhər 2 saylı tam orta məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Sonda Milli Qəhrəmanın atası Əlzaid Müslümov bütün tədbir iştirakçılarına təşəkkür edib, şəhid ailələrinə göstərilən diqqət və qağıya görə ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlığını bildirib.