Xəbərlər

Quba Rayon İcra Hakimiyyətinin başçısı Rayon Ağsaqqallar Şurasının üzvləri ilə görüşüb

4 sentyabr 2023-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Rayon Ağsaqqallar Şurasının üzvləri ilə görüşüb. Qeyd edək ki, İlqar  Mahmudov bir neçə gün əvvəl ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı  ilə Quba rayonuna icra başçısı təyin olunub.

Səmimi şəraitdə keçən görüşdə Rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov Quba ağsaqqalları adından Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovu təbrik etmiş, ona gələcək fəaliyyətində uğurlar arzulamışdır. İldırım müəllim tolerant ənənələrə malik Qubada 20-yə yaxın xalqın və etnik qrupun nümayəndələrinin çox mehriban bir şəraitdə yaşadığını və onların da təmsil olunduğu rayon ağsaqqallarının Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasəti daim dəstəklədiklərini vurğulayıb. Həmçinin qeyd edib ki, Rayon Ağsaqqallar Şurasının üzvləri rayonun icra hakimiyyətinə də öz ağsaqqal köməkliklərini göstərir, gənc nəslin milli-vətənpərvər ruhda tərbiyə olunması üçün bilik və təcrübələrini əsirgəmirlər.

Geniş və səmərəli fikir mübadiləsi aparılan görüşdə ağsaqqallardan Qəhrəman Qasımov,  Laçın Səfərəliyev, Mehman İbrahimov, Səfər Bayramov, şair Ramiz Qusarçaylı, Ənvər Məmmədov, Hüseynağa Baxışov, Yavuşva Simonduyev, Pisax İsakov və başqaları rayonun sosial-iqtisadi, mədəni inkişafından söhbət açmış, gələcəkdə də bu işlərin həyata keçirilməsi üçün fəallıq göstərəcəklərini bildirmişlər. Həmçinin mövcud olan bəzi problemlərdən danışmışlar.

Görüşün sonunda Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov dəyərli fikir və təkliflərə, xeyir-dualara görə ağsaqqallara minnətdarlıq etmiş, onların arzu və təkliflərinin nəzərə alınacağını bildirərək qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də ağsaqqallara daim böyük hörmətlə yanaşır, onların ictimai həyatda fəallığını təmin edir, yaşayış şəraitlərinin daha da yaxşılaşdırılması üçün bütün zəruri tədbirləri həyata keçirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.