Sentyabr ayının 15-də Naxçıvan Muxtar Respublikasının Ağsaqqallar Şurasının sədri Məmməd Məmmədovun 80 tamam olur. Bu münasibətlə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri yubilyara təbrik ünvanlayıblar. Təbrikdə deyilir:
Hörmətli Məmməd müəllim!
Sizi – ölkəmizin ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyət göstərən dəyərli şəxsiyyəti, hər zaman xalqına, Vətəninə bağlı olan müdrik ağsaqqalı 80 İllik Yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə uca Allahdan uzun ömür, möhkəm cansağlığı, Azərbaycanımızın inkişafı naminə gördüyünüz bütün işlərdə uğurlar arzulayırıq!
Siz alicənab insan, vətənpərvər pedaqoq və gözəl ziyalı olaraq şərəf və ləyaqətlə yaşadığınız ömür yolunuzun müdriklik zirvəsindəsiniz. Sadəlik, təvazökarlıq, dürüstlük, mərdlik kimi səciyyəvi cizgiləri xarakterində cəmləyən bir şəxsiyyət kimi insanlarla ünsiyyət mədəniyyətiniz, təmkininiz və nikbinliyiniz çoxları üçün örnək sayıla bilər. Gənc yaşlarınızdan sadə zəhmətdən başlayan uzunmüddətli səmərəli fəaliyyətiniz, işgüzarlığınız və yüksək intellektiniz ilə seçilərək yalnız Vətənimizin gözəl guşəsi olan Naxçıvan Muxtar Respublikasında deyil, bütün Azərbaycanda böyük nüfuza sahib olmusunuz. Fəaliyyətiniz boyunca dövlətimizin və xalqımızın tərəqqisinə mühüm töhfələr vermisiniz, peşəkar pedaqoq kimi yüzlərlə şagird və tələbənin ali təhsil almasında, nümunəvi vətəndaşlar olaraq həyata vəsiqə qazanmalarında əvəzsiz xidmətləriniz olub. Vaxtilə Naxçıvandan deputatlığa namizəd olan Ulu Öndər Heydər Əliyevin vəkili olaraq onunla şəxsən görüşmüş, seçicilər qarşısında böyük tribunadan bu görkəmli şəxsiyyət haqqında uğurlu çıxışlar edərək onun seçki kampaniyasında yaxından iştirak etmisiniz. Ümummilli Liderin müdrik siyasətini qətiyyətlə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daha da inkişaf etdirdiyi Azərbaycanın çiçəklənməsi uğrunda Siz bu gün də böyük əzmkarlıq nümayiş etdirirsiniz.
Hazırda Naxçıvan Muxtar Respublikasının Ağsaqqallar Şurasının sədri olaraq gördüyünüz işlər böyük təqdirə layiqdir. Muxtar Respublikada təşkilatın işinin müasir çağırışlara uyğun təşkil olunması, qurumun fəaliyyətində nəzərəçarpacaq canlanmanın yaranması, rayonlarda Ağsaqqallar Şurasının öz işlərini yüksək səviyyədə qurması və əldə olunan bir sıra digər nailiyyətlər Sizin adınızla bağlıdır. Əminik ki, bundan sonra da Azərbaycanımızın tərəqqisi və yüksəlişi naminə var qüvvənizlə çalışacaq, potensial imkanlarınızı əsirgəməyəcəksiniz.
Hörmətli Məmməd müəllim!
Bir daha Sizi əlamətdar Yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə tükənməz gənclik enerjisi, xoşbəxtlik və gələcək fəaliyyətinizdə yeni-yeni nailiyyətlər diləyirik!
Dərin hörmət və səmimiyyətlə,
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin
üzvləri adından Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV