24 may 2026-cı il tarixində Xətai rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində rayon ağsaqqalları arasında nərd turniri keçirilib. Turnir Xətai Rayon İcra Hakimiyyəti və Rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai Rayon təşkilatının sədri Ramil Mirzəyev, Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov, eləcə də rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev dövlət tərəfindən ağsaqqallara göstərilən diqqət və qayğının daim xüsusi önəm daşıdığını vurğulayıb. Bildirib ki, ağsaqqallar cəmiyyətimizin mənəvi dayağı, milli-mənəvi dəyərlərimizin qoruyucularıdır. Rayon rəhbəri belə tədbirlərin ağsaqqalların ictimai fəallığının artırılması, onların asudə vaxtının səmərəli təşkili və gənc nəslə örnək olan həyat təcrübəsinin təbliği baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Tədbirdə Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov da çıxış edərək ağsaqqalların cəmiyyət həyatındakı mühüm rolundan, milli-mənəvi dəyərlərin qorunub yaşadılmasındakı xidmətlərindən danışıb. Bildirib ki, bu cür tədbirlər ağsaqqallar arasında birlik və həmrəyliyin möhkəmlənməsinə, onların ictimai fəallığının artırılmasına və gənc nəsilə örnək olan dəyərlərin təbliğinə mühüm töhfə verir. Turnirin keçirilməsində əsas məqsəd rayon ağsaqqallarının asudə vaxtının səmərəli təşkili, sağlam və fəal həyat tərzinin təşviqi, eyni zamanda nəsillərarası münasibətlərin və ictimai həmrəyliyin gücləndirilməsidir.
Yarış iştirakçıları turnirə böyük həvəslə qoşularaq maraqlı və gərgin mübarizə aparıblar. Tədbir boyunca qarşılıqlı hörmət, dostluq və səmimi ünsiyyət mühiti hökm sürüb. Ağsaqqallar belə yarışların onların bir araya gəlməsi, fikir mübadiləsi aparması və sosial əlaqələrinin genişlənməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.
Turnirin yekununda qaliblər müəyyən olunaraq I, II və III yerləri tutan iştirakçılar kubok, medal, diplom və pul mükafatları ilə təltif ediliblər. Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb və xoş təəssüratlarla yadda qalıb.
Sonda Mürvət Əsgərov tədbirin təşkilinə dəstək göstərən qurumlara və iştirakçılara təşəkkürünü bildirib, bu cür layihələrin gələcəkdə də davam etdirilməsinin vacibliyini qeyd edib.








