1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Şəkidə uşaqlar üçün bayram tədbirləri, əyləncəli proqramlar təşkil olunub.
İyunun 1-də Rasim Ocaqov adına Şəki Uşaq-Gənclər İnkişaf Mərkəzində keçirilən “Hərəniz bir çiçəksiz” adlı tədbirdə şəhid övladları, məktəblilər, onların valideyinləri, eləcə də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Şəki Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Əhmədov və başqaları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Rasim Ocaqov adına Şəki Uşaq-Gənclər İnkişaf Mərkəzininin dərnək üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar, sonra isə ölkəmizdə həyata keçirilən dövlət uşaq siyasəti haqqında videoçarxı izləyiblər.
Tədbirdə çıxış edən natiqlər, eləcə də ağsaqqallar bayram münasibətilə uşaqları təbrik edərək onlara xoş arzularını bildiriblər. Qeyd ediblər ki, ölkəmizdə dövlət uşaq siyasətinin formalaşması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün uşaqların hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmaları möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi uğurla həyata keçirilən dövlət uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir. Uşaq və yeniyetmələrin milli-mənəvi dəyərlərimizə, tarixi köklərimizə bağlı, vətənpərvər ruhda böyüdülməsi qarşıya qoyulmuş əsas vəzifələrdəndir. Tədbirdə, həmçinin, vurğulanıb ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara böyük diqqət göstərir. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur.
Bayram tədbirində Şəki şəhər 3 və 4 saylı uşaq musiqi məktəblərinin, Şəki Uşaq-Gənclər İnkişaf Mərkəzinin, şəhər 8 nömrəli tam orta məktəbinin şagirdləri rəngarəng konsert proqramı ilə çıxış ediblər. Həmçinin tədbirdə uşaqlar üçün maraqlı intellektual oyunlar təşkil olunub, qaliblərə hədiyyələr təqdim edilib, idman sahəsində yüksək nəticələr əldə edən uşaqlar mükafatlandırılıb.
Bayram tədbiri uşaqların böyük sevincinə səbəb olub.





