Təbriklər, Xəbərlər

ABEL MƏHƏRRƏMOV – 76

Yanvar ayının 5-də Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Bakı Dövlət Universitetinin üzvi kimya kafedrasının müdiri, görkəmli kimyaçı alim, akademik Abel Məhərrəmovun 76 yaşı tamam olur.

Abel Məhərrəmovun həyat və fəaliyyət yolu Azərbaycan elminin, təhsilinin və ictimai-siyasi fikrinin inkişafı ilə sıx bağlıdır. Görkəmli alim, eləcə də Milli Məclisin deputatı olaraq vətənpərvər ictimai-siyasi xadim və dəyərli ziyalı kimi o, daim xalqımıza, dövlətimizə böyük xidmətlər göstərmiş, Ümummilli Lider Heydər Əliyevin siyasi kursuna sarsılmaz sadiqlik nümayiş etdirmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu və qətiyyətli siyasətini hər zaman dəstəkləyərək ölkəmizin tərəqqisinə, elm və təhsilin inkişafına layiqli töhfələr vermişdir. Uzun illər ərzində Bakı Dövlət Universitetinə rəhbərlik etdiyi dövrdə ali təhsilin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi, elmi-tədqiqat mühitinin gücləndirilməsi, milli kadr hazırlığı sahəsində əldə olunan nailiyyətlər bilavasitə Abel Məhərrəmovun prinsipial mövqeyinin, strateji baxışının və yüksək təşkilatçılıq qabiliyyətinin nəticəsidir. Bu gün də Bakı Dövlət Universitetinin üzvi kimya kafedrasının müdiri kimi  səmərəli fəaliyyəti ilə ali məktəb elminin təşkilində və inkişafında göstərdiyi əvəzsiz xidmətlər ona həm ölkə daxilində, həm də beynəlxalq elmi mühitdə böyük nüfuz qazandırmışdır.

Müxtəlif vəzifələrdəki uğurlu fəaliyyəti yüksək dəyərləndirilən Abel Məhərrəmov “Şöhrət” və 2-ci dərəcəli “Əmək” ordenlərinə, “Əməkdar elm xadimi” fəxri adına, “Yusif Məmmədəliyev adına medal”a, eləcə də Türkiyə Respublikasının Qırıqqala Universitetinin Fəxri doktoru adına, Rumıniyanın Komandor dərəcəli ali “Qızıl ulduz” ordeninə, İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) “Qızıl medal”ına və çox sayda digər nüfuzlu mükafatlara, fəxri adlara layiq görülmüşdür.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini olaraq müdrik bir ağsaqqal kimi Şuranın işində yaxından iştirak edən Abel Məhərrəmov yerli təşkilatların fəaliyyətlərinin gücləndirilməsinə, eləcə də gənclərimizin maarifləndirilməsinə, elmə və təhsilə həvəslərinin artırılmasına, onların vətənpərvərlik və milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə dəyərli töhfələr verir, bu yüksək amal uğrunda öz bilik və bacarığını əsirgəmir. Cəmiyyətimizdə milli-mənəvi dəyərlərin qorunması, gənclərə örnək olan ağsaqqal institutunun möhkəmləndirilməsi istiqamətində gördüyü işlər yüksək qiymətə layiqdir. Abel Məhərrəmov həm də nəcib və vətənpərvər ziyalı övladlar yetişdirən qayğıkeş valideyn və gözəl ailə başçısıdır.

Belə bir xoş gündə hər zaman şəxsiyyətində alim müdrikliyi ilə vətəndaş mövqeyini, ziyalı məsuliyyəti ilə ağsaqqal təmkinini birgə canlandıran  alicənab  şəxsiyyət Abel Məhərrəmovu şərəf və vicdanla yaşadığı ömrünün 76-cı ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edir, Ona uzun ömür, möhkəm cansağlığı, Azərbaycanın tərəqqisi naminə gördüyü bütün işlərdə, dəyərli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!

 

 

Dərin hörmətlə,

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin

üzvləri adından Şuranın sədri, millət vəkili, professor                                                                                                   Eldar QULİYEV

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.