Azərbaycan Ağsaqqallar Şurasının üzvləri cəmiyyətimizin hər bir nümayəndəsinin, xüsusilə ilə də gənclərimizin maariflənməsi, cəmiyyət üçün layiqli vətəndaş kimi tərbiyə alması və daha parlaq gələcəyə malik olmaları üçün əllərindən gələni əsirgəmir, ölkəmizin müstəqilliyi və tərəqqisi uğrunda vətənpərvər mübarizlərin yetişməsində yaxından iştirak edir, gənclərimizin milli-mənəvi ruhda böyüməsində əhəmiyyətli rol oynayırlar. Eləcə də Azərbaycan Ağsaqqallar Şurasının ölkəmizin 80 şəhər və rayonunu əhatə edən yerli təşkilatları Ümummilli Liderimiz Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, zəngin siyasi və mənəvi irsinin, nümunəvi həyat və fəaliyyətinin öyrənilməsi və təbliği, onun ideyalarının müasir dövlətçiliyimizin əsas ideoloji dayağı kimi gənc nəslə çatdırılması istiqamətində mütəmadi tədbirlər həyata keçirir, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasət kursunun gənclər arasında geniş izah və təbliğ edirlər. Növbəti belə tədbir Abşeron Rayon Ağsaqqallar Şurası tərəfindən fevral ayının 2-də Azərbaycan Gəncləri Günü münasibətilə “Gənclər bizim gələcəyimizdir” mövzusunda keçirilib.
Tədbirdə Abşeron Rayon Ağsaqqallar Şurasının üzvləri, ağsaqqallar, ziyalılar, şəhid valideynləri, idmançı şəhid övladları, tələbə və gənclər, həmçinin Abşeron Rayon Polis İdarəsinin gənclərlə iş üzrə inspektorları – polis mayoru Tərlan Nəbiyev, polis kapitanı Şəbnəm Rzazadə, Abşeron Olimpiya Kompleksinin Gənclər üzrə sektor müdiri Xannənə Həsənova və başqaları iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Abşeron Rayon Ağsaqqallar Şurasının sədri, şəhid Rauf İbadovun atası Məhərrəm İbadov qonaqları salamlayaraq gənclərimizi Gənclər Günü münasibətilə təbrik edib, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsil, idman və digər sahələrdə gənclərimizə göstərdikləri diqqət və qayğıdan, onlar üçün yaradılan şəraitdən və dəstəkdən ətraflı danışıb. Natiq, həmçinin, vurğulayıb ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi dövründə ölkəmizdə mənəvi, fiziki cəhətdən sağlam, vətənpərvər, yüksək intellektli gənclər yetişib. Onlar təhsil, elm, mədəniyyət, idman və digər sahələrdə böyük uğurlar əldə edirlər. 44 günlük Vətən müharibəsində misilsiz şücaətlər, möhtəşəm qəhrəmanlıqlar göstərən Azərbaycan gəncləri bütün dünya gənclərinə əsl vətənpərvərlik örnəyi nümayiş etdirdilər.
Sonra çıxış edən Abşeron Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Sabir Tağıyev və digər natiqlər də gənclərimizi təbrik edərək, onların təhsildə, idmanda və cəmiyyətdə əhəmiyyətli rolundan bəhs ediblər.
Tədbirin sonunda Abşeron Rayon Polis İdarəsinin Gənclərlə iş üzrə inspektorları – polis mayoru Tərlan Nəbiyev, polis kapitanı Şəbnəm Rzazadə, Abşeron Olimpiya Kompleksinin Gənclər üzrə sektor müdiri Xannənə Həsənova və tədbirdə iştirak edən gənclər Fəxri Fərmanlarla təltif olunublar.







